Azərbaycan və İran arasında yeni körpü inşa oluna bilər

Azərbaycan və İran arasında yeni körpü inşa oluna bilər
# 11 iyun 2016 09:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov İrannın nəqliyyat nazirinin müavini, nəqliyyat infrastrukturlarının quraşdırılması və inkişafı şirkətinin müdiri Əli Nurzadın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Azəravtoyol”dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında avtomobil yolları sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Azəravtoyol”un sədri Saleh Məmmədov rəhbəri olduğu cəmiyyətin fəaliyyəti, ölkəmizin avtomobil yolları şəbəkəsi, icra olunan yol infrastrukturu layihələri və gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır. İran sərhədinə qədər inşa olunan avtomobil yolunun da iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

İran İslam Respublikasının nəqliyyat nazirinin müavini Əli Nurzad da öz növbəsində ölkəsinin yol şəbəkəsi, həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələri barədə məlumat verib və Azərbaycanda olduğu kimi ölkəsində də Astaraya qədər olan avtomobil yolunun yenidən qurulmasının 2017-ci ildə yekunlaşacağını deyib. Yaxın gələcəkdə hər iki avtomobil yolunun birləşdirilməsi üçün yeni körpünün inşa olunmasının vacibliyi qeyd olunub.

Görüşdə Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyi, əlaqələrimizin müxtəlif sahələrdə uğurla davam etdiyi və gələcəkdə avtomobil yolları sahəsində də əməkdaşlıq etməyin zəruri olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR