"Azərsun Holdinq" istehsal etdiyi məhsulların qiymətində baş verə biləcək artımı istisna edir

"Azərsun Holdinq" istehsal etdiyi məhsulların qiymətində baş verə biləcək artımı istisna edir
# 25 fevral 2015 07:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan iqtisadiyyatının əksər sektorlarında təmsil olunan "Azərsun Holdinq" manatın məzənnəsindəki dəyişikliklərdən sonra topdan və pərakəndə satış məntəqələrində qiymət artımının baş verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov “APA-Economics”ə açıqlamasında deyib ki, qonşu dövlətlərdə yaşanan iqtisadi problemlər nəticəsində onların milli valyutaları hətta 100%-dən çox dəyərdən düşüb, müəyyən ərzaq qıtlığı, ərzaq böhranı yaşanır: "Azərbaycanda bu gün vəziyyət həmin ölkələrlə müqayisə oluna bilməz. Ölkəmizdə vəziyyət qat-qat yaxşıdır. Qeyd edək ki, Azərbaycanda "Azərsun Holdinq"in uzun illər həyata keçirdiyi sistemli fəaliyyət nəticəsində milli şirkətlərimiz daxili istehsal imkanlarını genişləndirir. Hal-hazırda Azərbaycanın ərzaq təhlükəsizliyində mühüm rol oynayan "Azərsun Holdinq" bəzi məhsullarının tamamilə istehsalını ölkədə həyata keçirməyə nail ola bilib. Bu kimi məhsullarda qiymət artımından söhbət gedə bilməz. Məzənnə siyasəti həyata keçirilən zaman biz də müşahidə etdik ki, bəzi işbazlar vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmağa cəhd göstərir, müəyyən süni qiymət artımının həyata keçirilməsinə cəhdlər ediblər. Bununla əlaqədar olaraq "Azərsun Holdinq"də işçi qrupu yaradılıb, dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəririk”.

A. Səfərov deyib ki, hazırda "Azərsun Holdinq"in məhsullarında heç bir qiymət artımı olmayıb: "Hazırda qiymət artımının olacağı gözlənilmir. Bizim tərəfimizdən davamlı iş aparılır ki, daxili imkanlar bundan sonra daha da genişləndirilsin. Ölkədə xammal ehtiyatlarının təmin olunması istiqamətində böyük layihələrin zərurətinin bir daha şahidi olduq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR