Goranboyda ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş baytarlıq preparatları aşkar edilib

Goranboyda ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş baytarlıq preparatları aşkar edilib
# 21 aprel 2015 09:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baytarlıq apteklərində apardığı monitorinq zamanı bu gün Goranboy rayonunda lisenziyasız fəaliyyət göstərən aptekdə baytarlıq qeydiyyatından keçməyən, mənşəyi məlum olmayan, ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş keyfiyyətsiz baytarlıq preparatları aşkar olunub”.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y. Xanvəli bildirib ki, saxta və keyfiyyətsiz dərmanlar akt əsasında baytarlıq aptekindən müsadirə olunub: “Bu, dərmanların respublika laboratoriya şöbəsində zərərsizləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, aparılan monitorinqlər zamanı dünən Mingəçevir şəhərində bir, ondan öncəki gün isə Bərdə rayonunda 13 baytarlıq aptekinin lisenziyasız fəaliyyət göstərdiyi aşkarlanıb. Lisenziyasız fəaliyyət göstərən baytarlıq aptekləri müvəqqəti bağlanıb”.

Y. Xanvəli monitorinqlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib: “Baytarlıq apteklərində satılan dərmanlar hamısı dövlət qeydiyyatından keçməlidir. Baytarlıq apteklərinə xəbərdarlıq edirik ki, kənardan xəlvəti yolla gətirilən dərmanları satışa çıxarmasınlar. Belə olacağı təqdirdə bu dərmanlar müsadirə olunacaq. Lisenziyası olmayan baytarlıq apteklərin fəaliyyəti isə bir müddət sonra dayandırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR