Rövnəq Abdullayev: "UEFA ilə əməkdaşlığın uğurlu olacağına əminik"

Rövnəq Abdullayev: "UEFA ilə əməkdaşlığın uğurlu olacağına əminik"
# 10 iyun 2016 16:14 (UTC +04:00)

Bakı - APA. “Bildiyiniz kimi, UEFA və SOCAR arasında tərəfdaşlıq müqaviləsinin imzalanması 2013-cü ildə elan olunub. Həmin müqaviləyə əsasən, şirkətimiz milli komandalar arasında UEFA yarışlarının, o cümlədən Fransada başlayacaq futbol üzrə Avropa çempionatının, onun seçmə matçlarının, 2018-ci il dünya çempionatının Avropa üzrə təsnifat mərhələsinin rəsmi tərəfdaşı, bu yaxınlarda ölkəmizdə keçirilən U-17 futbol üzrə Avropa çempionatının və bir sıra yarışların tərəfdaşı olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

AÇ-2016 rəfəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Parisdə Azərbaycanın Fransadakı səfirliyi ilə birlikdə Fransa icra hakimiyyəti, ictimaiyyət nümayəndələri və Fransa yığmasının məşhur futbolçularının iştirakı ilə qəbul təşkil edib.

Rövnəq Abdullayev bir sıra Azərbaycan KİV-inə müsahibəsində UEFA ilə tərəfdaşlığın şirkət və Azərbaycan üçün Avropa bazarına çıxış, gənc istedadların motivasiyası baxımından əhəmiyyətindən danışıb: “Məqsədimizin qlobal enerji şirkətinə çevrilmək olduğunu nəzərə alaraq, biz bu əməkdaşlığı SOCAR-ın AÇ-2016 və bütün dünya azarkeşlərinin gözündə premium-klass enerji brendi qismində beynəlxalq imicinin artırılması üçün unikal platformanın yaradılması imkanı kimi qiymətləndiririk. SOCAR idmanda təsadüfi qonaq deyil. Şirkətimizin fəaliyyəti ilk növbədə, Azərbaycanda idmanın uzunmüddətli dəstəklənməsinə əsaslanır. Bildiyiniz kimi, SOCAR Azərbaycan Futbol Federasiyalar Assosiasiyası (AFFA) və Azərbaycan Cüdo Federasiyasının sponsorudu. UEFA ilə tərəfdaşlıq müqaviləsinə gəldikdə, korporativ sosial məsuliyyətlə yanaşı, şirkət brendinin Avropada və dünyada təşviqi əsas əhəmiyyət kəsb edir. Biz əminik ki, uzunmüddətli perspektivdə bu tərəfdaşlıq SOCAR-ın qlobal imicinin formalaşmasına yardım edəcək, öz növbəsində, bizim gəlirlərimizə təsir göstərəcək. Bu da, yuxarıda qeyd etdiyim kimi, vətəndaşlarımıza faydalı olacaq. Bu əməkdaşlıq formatından əldə etmək istədiyimiz nəticələrin mahiyyətininin UEFA-da anlayışla qarşılanması faktı bizi sevindirir. Sözsüz ki, qarşılıqlı anlaşma qarşıya qoyulan məqsədlərə nail olmağa yardım edəcək. SOCAR şirkəti həmçinin 2015-ci ildə Azərbaycanda yüksək səviyyədə keçirilən I Avropa Oyunlarının rəsmi tərəfdaşı olub. Bu təcrübəni nəzərə alaraq, biz UEFA ilə əməkdaşlığın da uğurlu olacağına əminik”.

AFFA prezidenti bildirib ki, SOCAR-ın təşəbbüsü ilə iyunun 10-dan iyulun 10-na qədər Bakı Olimpiya Stadionunun ərazisində xüsusi fan-zona yaradılacaq: “Biz də UEFA ailəsində bir növ debütant sayılırıq, buna görə də biz oyunçular, azarkeşlər və Avropa çempionatında ilk dəfə çıxış edən ölkələr də daxil olmaqla, Avro-2016 debütantlarını dəstəkləməliyik. Sözsüz ki, ilk növbədə biz yerli azarkeşlər haqqında düşünürük. İyunun 10-dan iyulun 10-na qədər şirkətimizin təşəbbüsü ilə Bakı Olimpiya Stadionunun ərazisində xüsusi fan-zona yaradılacaq və burada çempionat matçlarının böyük ekranda izlənməsi təşkil olunacaq. Təşkilatçılar fan-zona qonaqlarını maraqlı proqram ilə sevindirəcək. Buna görə də bütün futbol həvəskarlarını bu unudulmaz futbol bayramını qeyd olunmasında bizə qoşulmağa dəvət edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR