FHN Bakıda yanğınsöndürənlərin hadisə yerinə vaxtında çatmaması barədə məlumatlara münasibət bildirib

FHN Bakıda yanğınsöndürənlərin hadisə yerinə vaxtında çatmaması barədə məlumatlara münasibət bildirib
# 14 noyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi Bakının Sabunçu rayonunda yaşayış evində baş verən yanğın zamanı yanğınsöndürənlərin hadisə yerinə vaxtında çatmaması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə bəzi KİV-də yayılan məlumatların heç bir əsası yoxdur: “Sabunçu rayonu Muxtarov qəsəbəsində yaşayış evində baş verən yanğın hadisəsi ilə bağlı nazirlik rəsmi internet saytında məlumat yayıb. Bir daha bildiririk ki, ötən gün saat 11:17-də Sabunçu Rayon Yanğından Mühafizə Hissəsi heç bir çağırış olmadan həmin yanğın hadisəsini aşkar edib və 11:19-da hadisə yerinə çatıb. Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bəzi kütləvi informasiya vasitələrində guya yanğınsöndürənlərin hadisə yerinə gec gəlib çatması barədə yayılan informasiyaların heç bir əsası yoxdur”.

Qeyd edək ki, bəzi media orqanlarında yanan evin sahibi Məhinə Paşayevaya istinadən məlumat yayılıb ki, Sabunçu Rayon Yanğından Mühafizə Hissəsi hadisə baş verən ərazidən 20 metr məsafədə yerləşməsinə baxmayaraq, yanğınsöndürənlər yanğın yerinə gec gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR