Robert Prosineçki: “Hər şey yaxşı olacaq”

Robert Prosineçki: “Hər şey yaxşı olacaq”
# 03 iyun 2016 08:07 (UTC +04:00)

Bakı – APA. “Kanada ilə oyundan sonra Fransaya gedəcəyəm. Avropa çempionatını izləməliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Millimiz Avstriya toplanışı çərçivəsində bu gün sonuncu yoldaşlıq görüşünü keçirəcək. Andorra ilə qolsuz heç-heçə edib, Makedoniyaya uduzan komandamız bu dəfə Kanada ilə üz-üzə gələcək.

Toplanış bitəndən sonra isə yığmamızın çalışdırıcısı Prosineçki Fransaya yola düşəcək. AÇ-2016-da Xorvatiyanın bəzi oyunlarını təhlil edəcək məşqçi həm də komandaları gözdən keçirəcək.

Serbiya mətbuatına danışan Prosineçki Avropa çempionatında Almaniya, Çexiya və Şimali İrlandiya yığmalarını daha diqqətlə izləyəcəyini bildirib: “Xüsusilə, dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizin çıxışına baxmalıyam. Axı biz onlarla qarşılaşacağıq. Fikrimcə, hər şey yaxşı olacaq. Fransada təhlükəsizliklə bağlı problem yaşayacağımızı düşünmürəm”.

47 yaşlı çalışdırıcı sabiq komandası “Srvena Zvezda”nın Serbiya çempionu olmasına da toxunub: “Bilirəm ki, əla mövsümdən sonra Belqradda eyforiya ab-havası var. Ancaq bundan sonra daha ağıllı plan hazırlanmalıdı. Çempionlar Liqası ilə tanış olmağın vaxtı artıq çatıb. Ən böyük oyunlar orda olur”.

“İki keçmiş komandanız – “Srvena Zvezda” ilə Zaqreb “Dinamo”sunun ÇL-də üz-üzə gəlməsini istərdinizmi” sualına Prosineçki belə cavab verib: “Srvena Zvezda” ilə “Dinamo”nun oyunu? Bilmirəm. Bəlkə də, ola bilər. Həmin oyun barədə danışmaq maraqlı olardı. Ancaq gözləmək lazımdı, görək bu reallaşacaq, ya yox”.

Prosineçki sevimli şəhərlərindən olan Barinin yubileyinə qatıla bilməyib. Buna Azərbaycan yığması ilə birlikdə Avstriya toplanışında iştirak etməsi səbəb olub. Buna baxmayaraq, Prosineçki həmin yubileylə bağlı hazırlanan filmə baxıb: “Ora getməyə imkanım olmadı. Çünki həmin gün Makedoniya ilə oyunumuz var idi. Buna baxmayaraq, filmi “Youtube” kanalında tapdıq. Gözəl bayram elə gözəlliklə də keçib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR