Nazirlik: Azərbaycanda 140 minə yaxın uşağa görə aylıq sosial müavinət ödənilir

Nazirlik: Azərbaycanda 140 minə yaxın uşağa görə aylıq sosial müavinət ödənilir
# 01 iyun 2015 08:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda daim güclənən sosial təminat sisteminin əhatə etdiyi insanların mühüm bir hissəsini də uşaqlar təşkil edir. Hazırda Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 10 kateqoriyadan olan uşaqlar aylıq və birdəfəlik sosial müavinətlə təmin olunurlar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, ailə başçısını itirən ailələrdəki uşaqlara, valideyn himayəsindən məhrum olan uşaqlara, şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinət təyin olunur. Aylıq sosial müavinət ödənilənlər sırasına müddətli hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlar da daxildir. Ümumilikdə, 140 minə yaxın uşağa görə aylıq sosial müavinət ödənilir.

Həmçinin uşağın doğulmasına görə ailələrə birdəfəlik müavinət verilir ki, bu müavinət növü bu ilin birinci rübündə 26 min nəfərə yaxın uşağı əhatə edib. Bunlar və ünvanlı dövlət sosial yardımı alan ailələrdəki 18 yaşadək şəxslər (235 min nəfərə yaxın) nəzərə alınmaqla, ümumilikdə 400 mindən çox uşaq ƏƏSMN tərəfindən birbaşa sosial təminat növləri ilə əhatə olunub. Beləliklə, ölkədə sosial müavinət və ünvanlı sosial yardımla təmin olunanların təqribən 45%-dən çoxunu uşaqlar təşkil edir.

Bundan başqa, ƏƏSMN-nin sosial sifarişləri əsasında hazırda 1500-dək uşaq sosial xidmətlərlə təmin edilir. Bu il ərzində ƏƏSMN-nin tabeliyində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın istifadəyə verilməsi nəzərdə tutulur ki, həmin müəssisə çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqların yaşayış şəraiti ilə təmin olunmasına, onların tibbi-psixoloji və sosial reabilitasiyasına xidmət göstərəcək.

Azərbaycanın əmək qanunvericiliyində də uşaqlarla bağlı qabaqcıl dünya praktikasından irəli gələn prinsiplər əhatə olunub. Əmək Məcəlləsində Beynəlxalq Əmək Təşkilatının müvafiq Konvensiyalarına uyğun olaraq, uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri, onlar üçün əlavə təminatlar əksini tapıb. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək bazarına dövlət nəzarətinin gücləndirilməsi, uşaq əməyinin istismarına qarşı mübarizədə aidiyyatı qurumlarla əməkdaşlığın müsbət nəticəsi kimi, Azərbaycanda uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimuma enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR