Azərbaycan səfiri etimadnaməsinin sürətini Pakistan xarici işlər katibinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin sürətini Pakistan xarici işlər katibinə təqdim edib
# 14 iyun 2016 14:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadə etimadnaməsinin sürətini Pakistanın xarici işlər katibi Aizaz Əhməd Çodriyə təqdim edib.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə xarici işlər katibi səfiri təyinatı münasibətilə təbrik edərək, Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, hər iki ölkənin beynəlxalq məsələlərdə həmfikir olduğunu bildirib.

O, Azərbaycanın Pakistandakı səfirliyinin ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində fəaliyyətinə Pakistan Xarici İşlər Nazirliyinin hər zaman yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Səfir Ə. Əlizadə isə Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinə Pakistanın verdiyi dəstəyin hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Səfir xalqlarımız və dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, sıx əlaqələrin, həyata keçirilən layihələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.


Görüşdə həmçinin, qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR