Nazirlik: Evlərin kirayəyə verilməsi ilə bağlı vergi dərəcəsi artırılmayacaq

Nazirlik: Evlərin kirayəyə verilməsi ilə bağlı vergi dərəcəsi artırılmayacaq
# 08 iyun 2016 10:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyi son günlər bir sıra kütləvi informasiya vasitələrində nazirliyin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14%-dən 22%-dək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qurum əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14%-dən 22%-ə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.

“Vergilər Nazirliyi bildirir ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycanda istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14% dərəcə ilə vergi tutulur. Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, bu kimi həssas məsələlər barədə məlumat yaymazdan əvvəl Vergilər Nazirliyinin rəsmi mövqeyini dəqiqləşdirsinlər”, - deyə məlumatda vurğulanıb .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR