Bakıda qadın sahibkarlığın inkişafı müzakirə olunub - FOTO

Bakıda qadın sahibkarlığın inkişafı müzakirə olunub - <span style="color: red;">FOTO
# 17 noyabr 2015 08:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilib.

APA-Economics”in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən və USAİD-in Kiçik Sahibkarlığın İnkişafına Dəstək layihəsinin dəstəyi ilə təşkil edilmiş bu tədbirdə dövlət qurumlarının, ictimai birliklərin, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri iştirak ediblər.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov bildirib ki, Qlobal Sahibkarlıq Həftəsi ərzində bütün dünyada keçirilən tədbirlər və müsabiqələr milyonlarla insanı sahibkarlıqla məşğul olmağa ruhlandırır. O qeyd edib ki, eyni zamanda onları potensial tərəfdaşlar, mentor və hətta investolarla əlaqələndirir: “2008-ci ildə təsis olunandan bəri Qlobal Sahibkarlıq Həftəsi 160 ölkəyə əhatəsini gücləndirərək, bütün dünyada sahibkarlıq sistemlərini qurur və gücləndirir: “Builki Qlobal Sahibkarlıq Həftəsində dünyanın müxtəlif yerlərində keçirilən 30 min tədbirdə təxminən 10 milyon insan iştirak edəcək”.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib ki, Azərbaycanda qadın sahibkarların müəyyən problemlər var: “Biz Milli Məclisdə bu problemin həlli yolunda müəyyən qanunlar qəbul etmişik. Son günlər Azərbaycanda sahibkarlığa dəstək üçün Prezident İlham Əliyev tərəfindən bir sıra qanunlar qəbul edilib. İlk olaraq yoxlamalar dayandırılıb. Çünki Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün olduqca çox yoxlama vardı”

V. Əhmədov deyib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın bir qolu da qadın sahibkarlığıdır: “Onlar üçün müəyyən şərait yaradıb. Amma buna baxmayaraq sahibkarlıqla məşğul olmaq üçün həddən artıq müdaxilələr var. Amma hiss edirik ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilən qanunlar, imzalanan sərəncamlar və atılan bu addımlar davamlı olacaq və öz nəticəsini verəcək”.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qeyd edib ki, ABŞ Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılması sahəsində çalışır. O bildirib ki, sahibkarlıq iqtisadi səlahiyyətlənmənin və iştirakçılığın artırılması üçün mühüm imkanlar yaradılır.

O, sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları alqışlayıb və ABŞ hökumətinin islahatların davamlı və səmərəli olması üçün tərəfdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Dünya Bankıdın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Larisa Leşşenko isə bildirib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlavə iş yerlərinin açılması, məşğulluğun təmin olunması deməkdir. O qeyd edib ki, bu sahədə qadınların rolu xüsusi diqqətə layiqdir: “Azərbaycanda da qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün ölkə başçısı da müəyyən fərmanlar imzalayıb və bu, onların inkişafına təkan verəcək. Araşdırmalar göstərir ki, xanım sahibkarların, eyni zamanda xanımların rəhbərlik etdiyi müəssisələr kişilərlə müqayisədə daha çox gəlir əldə edirlər”.

L. Leşenko vurğulayıb ki, qadın sahibkarların bütün biznes üzrə 17 faiz qadın rəhbərlər təşkil edir. Bu Avropa ilə müqayisədə çox aşağı göstərici olsa da, ancaq çox böyük irəliləyişdir.

O, Azərbaycanda qadınların maliyyə vəsaitlərinin əldə olunmasında çətinliklərini də qeyd edib və bildirib ki, qadınların maliyyə vəsaitlərinə çıxışları məhdududur.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn bildirib ki, AYİB-in bir sıra ölkələrdə aparılan müşahidələr göstərir ki, qadın sahibkarlar banklardan aldığı kreditləri vaxtında qaytarırlar: “Çox nadir hallarda qadın borcalanların gecikdirmələri olur. Gələn il biz qadınlarla bağlı müəyyən iri borcvermə proqramlarını həyata keçirəcəyik. Bu kreditlərin əksər hissəsi yerli banklarla qadın sahibkarlara veriləcək. Artıq bununla bağlı üçü bank və maliyyə təşkilatı müəyyən edilib”.

N. Makkeyn deyib ki, qadın sahibkarların əsas ehtiyacı onlara məsləhətlərin verilməsidir: "Onlar üçün maliyyə də çox önəmlidir. Ancaq onlar üçün ikinci yerdə maliyyə durur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR