Nigar Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” elan olunub

Nigar Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” elan olunub
# 09 iyun 2016 14:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur Payız Salonunun “TOİLE D'OR” ali mükafatını azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, N. Nərimanbəyova “Adajio” diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusu qazanıb.

N.Nərimanbəyova artıq bir neçə ildir Azərbaycanı böyük və irimiqyaslı “ART EN CAPITAL” layihəsində təmsil edir. Bu layihə Parisin əsas sərgi salonunda – Qrand Paledə Fransa Prezidenti Fransua Ollandın himayəsi ilə keçirilir.

“ART EN CAPITAL”ın əsas və yeganə mükafatı olan “TOİLE D'OR” 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis edilib və əsərləri nümayiş olunan dünyanın çox sayda rəssamından yalnız birinə verilir. İlk dəfədir ki, azərbaycanlı rəssama təqdim edilən bu mükafata bu günə qədər müxtəlif ölkələrdən ancaq 36 rəssam layiq görülüb.

Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5 minə qədər rəsmlə 2 mindən artıq tanınmış rəssam iştirak edir. Zamanında bu salon Pol Sezan, Pol Qogen, Anri de Tuluz-Lotrek, Kamil Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani, Brak, Miro, Düşan, Utrillo, Brauer kimi böyük rəssamlara şöhrət qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR