Kiyevdə Avropa İttifaqı nümayəndə heyəti ilə Azərbaycanın diaspor rəhbəri arasında görüş zamanı mübahisə yaranıb

Kiyevdə Avropa İttifaqı nümayəndə heyəti ilə Azərbaycanın diaspor rəhbəri arasında görüş zamanı mübahisə yaranıb
# 23 sentyabr 2015 09:45 (UTC +04:00)

Ukrayna Millətlər Assambleyasından (UMA) APA-ya verilən məlumata görə, görüşdə UMA rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də iştirak edib.

Avropa İttifaqı nümayəndə heyətinə qurumun insan haqları üzrə məsul katibi Remi Daflot, etnik ayrı seçkilik məsələləri üzrə şura rəhbəri Çaba Ferens, siyasi məsələlər üzrə katib Marie Mrazkova, o cümlədən qurumun xarici əlaqələr üzrə idarəsinin əməkdaşı Per İbold daxil olub. Görüş zamanı çıxış edən etnik xalqların nümayəndələri Ukraynada milli azlıqların hüquqları, bununla bağlı yaranan suallar müzakirə olunub. O cümlədən bildirilib ki, Ukraynada tolerantlıq səviyyəsi yüksək olsa da bəzi tədris müəssisələrində ölkədə çoxluq təşkil edən etniklərin dillərinin də tətbiq olunmasında problem var və yerli orqanlar bunu maliyyələşmə ilə əlaqələndirirlər. Çıxış edən Rövşən Tağıyev isə Avropa İttifaqı nümayəndə heyətinə rəhbərlik etdiyi Assambleya çərçivəsində ölkədəki etnik xalqların fəallığından danışaraq Ukraynada tolerant mühitin olduğunu bildirib. O həmçinin qeyd edib ki, təəssüf ki, ölkə qanunvericiliyində etnik xalqların hüquqları ilə bağlı hələ də bəzi çatışmazlıqlar var. R. Tağıyev avropalı qonaqlara sonda irad da bildirib və mübahisə yaranıb: “Burada digər xalqların nümayəndələri kimi mən həm də Ukraynada yaşayan 300 mindən çox azərbaycanlını təmsil edirəm. Bizim təşkilat bütün regionlarda yaşayan azərbaycanlıları əhatə edir və son günlər Ukraynada yaşayan azərbaycanlıların təşkilatımızın mərkəzi ofisinə dayanmadan ciddi narahatlıqlar ünvanlanmaqdadır. Bu siz avropalıların, daha dəqiq desək Avropa Parlamentinin son vaxtlar bizim vətənimiz Azərbaycana qarşı münasibəti ilə bağlıdır. Xüsusilə Avroparlamentin qəbul etdiyi sonuncu qətnamə Ukraynada yaşayan azərbaycanlıların Qərb ölkələrinə qarşı məyusluğuna səbəb olub. Sənəddə Azərbaycandakı bir neçə məhkəmə və istintaq işlərinə iradlar bildirilir. Hansı ki, bu – məhkəmə orqanlarının işinə müdaxilə hüquqi prinsiplərə əsaslanan Avropanın öz siyasətinə, Avropa məhkəməsinin prinsiplərinə ziddir. Əgər hansısa bir iradları var idisə, bunu tez tələsik Azərbaycanı hədələyən qətnamə ilə yox, Avropa Məhkəməsinin prinsiplərinə hörmət etməklə münasibət bildirmək olardı. Bizim vətən tolerant ölkədir”. Onun müraciətinə arqument gətirmək istəyən Aİ nümayəndə heyəti üzvlərinə R. Tağıyev daha sərt cavab verib və onları hər şeyi görmək üçün Azərbaycana dəvət edib: “Sizin, Avropa parlamentinin deputatlarının çoxunun Azərbaycandan real olaraq xəbəri yoxdur. Avropada bu gün miqrantlara qarşı rəftar sizin burada bəyan etdiyiniz prinsiplərin əksini göstərir. Amma, məsələn, sizin nümayəndəniz - mərkəzi ofisi Belçikada yerləşən Beynəlxalq Sərhədsiz İnsan Hüquqları təşkilatının direktoru Villi Fotrenin bu yaxınlarda öz yeni nəşrində verdiyi “Azərbaycandakı tolerantlıqdan nümunə götürülməlidir” təklifini etdi. Biz çox xahiş edərdik ki, Ukraynada yaşayan biz azərbaycanlıların iradını Avroparlamentə çatdırasınız”. R. Tağıyev Azərbaycanla bağlı daha bir neçə fakt sadaladıqdan sonra Aİ rəsmiləri azərbaycanlıların müraciətlərini ünvanına çatdıracaqlarına söz veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR