Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların mühafizə zonaları ilə bağlı tələblərə riayət olunmasına nəzarəti gücləndirir

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların mühafizə zonaları ilə bağlı tələblərə riayət olunmasına nəzarəti gücləndirir
# 18 avqust 2015 07:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların mühafizəsi və təyinatı üzrə istifadəsini müəyyənləşdirmək üçün monitorinq aparıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, monitorinqlər nəticəsində məlum olub ki, bu sahədə ən çox rast gəlinən problemlər torpaqlardan təyinatı üzrə olmayan istifadə, özbaşına tikililər, eləcə də mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsidir. Komitədən bildirilib ki, bəzi hallarda vətəndaşlar qanunvericiliyi bilərəkdən pozurlar, bəzən isə insanlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, o cümlədən qanunvericiliklə müəyyən edilmiş mühafizə zonalarına düşən torpaq sahələrindən istifadəyə nəzarəti həyata keçirir. Komitənin yeni Əsasnaməsi ilə, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib. Bu məqsədlə dövlət müfəttişləri tərəfindən mütəmadi qaydada Bakı şəhərində və ətraf ərazilərdə monitorinq və müşahidələr aparılır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə mühafizə zonaları müəyyən edilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin və ixrac boru kəmərlərinin ətrafında yaradılır.

Mühafizə zonaları ilə bağlı qanunvericiliyin müəyyən etdiyi tələblərə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin riayət etməsi vacibdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə aşağıdakı tələblər müəyyən olunub:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 23 nömrəli qərarı ilə dəmir yolun mühafizə zonaları təsdiq edilib:

- I, II, III, IV və V kateqoriyalı dəmir yolunun tökmə yatağının hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi zamanı mühafizə zonalarının ölçüləri 20-52 metr arasında dəyişir.

- Eyni zamanda dəmir yolunun mühafizə zonası dəmir yolunun kənarında, sağ və sol hissələrində yerləşən relsdən hər tərəfə hesablanır.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2004-cü il tarixli 18 nömrəli, 5 yanvar 2005-ci il tarixli 1 nömrəli, 30.09.2014-cü il tarixli 317 nömrəli qərarları ilə avtomobil yollarının təhkim zolağının ölçüləri təsdiq edilib:

- Tökmələrdə və qazmalarda yerləşən I dərəcəli dörd hərəkətli, II dərəcəli iki hərəkətli, III dərəcəli iki hərəkətli, IV dərəcəli iki hərəkətli, V dərəcəli bir hərəkətli avtomobil yolları yatağın hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi nəzərə almaqla mühafizə zonalarının ölçüləri dəyişir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il 103 nömrəli qərarı ilə Elektrik xətlərinin mühafizə zonaları təsdiq edilib:

a) Gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi üçün müəyyən edilir:

Hava elektrik ötürücü xətləri boyunca (binalarda ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri arasında olan torpaq sahəsi;

b) Kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;

c) Hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:

Un, kV- xətlərin gərginliyi L.m - məsafələr

Un, kV 1-20-yədək 35 110 150 220 330-500

L,m 10 15 20 25 25 30

Qeyd: kənar naqillərin (sağ və sol naqillərin meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən hesablanır.

d) Yeraltı elektrik ötürücü xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 1 m aralı yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi nəzərdə tutulur.

Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qaydaların tələblərinə riayət edilməklə kənd təsərrüfatı və digər işlərin aparılması məqsədilə istifadə oluna bilər.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.03.2000-ci il 56 nömrəli qərarı ilə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri təsdiq olunmuşdur.

Belə ki, su mühafizə zonaları aşağıdakı kimi hesablanır:

- çaylar və göllər üzrə - yay dövründə orta illik su səviyyəsi həddindən;

- su anbarları üzrə - suyun normal yığılma səviyyəsindən;

- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə - suyun maksimum səviyyəsi həddindən;

- bataqlıqlar üzrə - onların sərhədlərindən;

Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir:

- uzunluğu 10 km-dək olduqda 50 m;

- uzunluğu 10 km-dən 50 km-dək olduqda 100 m;

- uzunluğu 50 km-dən 100 km-dək olduqda 200 m;

- uzunluğu 100 km-dən 200 km-dək olduqda 300 m;

- uzunluğu 200 km-dən 500 km-dək olduqda 400 m;

- uzunluğu 500 km-dən artıq olduqda 500 m.

Göllərin və su anbarlarının su mühafizə zonalarının minumum eni aşağıdakı hədlərdə götürülür:

- akvatoriyasının sahəsi 2 kv.km-dək olduqda 300 m;

- akvatoriyasının sahəsi 2 kv.km-dən artıq olduqda 500 m;

5. Magistral və təsərrüfatlar arası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minumum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir:

- 3 kb m /san qədər olduqda 5 m;

- 3-10 kb m /san olduqda 10 m;

- 10-30 kb m /san olduqda 25 m;

- 30-50 kb m/san olduqda 60 m;

- 50 kb m/san artıq olduqda 100 m.

Şəhərlərdə və yaşayış məntəqələrində təsdiq olunmuş baş plana uyğun müəyyən edilir. Bağlı kollektorlarla axıdılan çayların hissələri üzrə su mühafizə zonaları müəyyən edilmir.

Çaylar, göllər, su anbarları və digər su obyektləri üzrə sahil mühafizə zolaqlarının minimum eni aşağıdakı ölçülərdə müəyyən edilir.

Su obyektinə bitişik kənd təsərrüfatı yerlərinin (uqodiyalarının) növləri Su obyektinə bitişik ərazilərin yamaclarının mailliyindən asılı olaraq sahil mühafizə zolaqlarının eni (metrlə)

Əks maillik və maillik olmadıqda 3 dərəcəyədək maillik olduqda 3 dərəcədən artıq maillik olduqda

Əkin 25-50-80 m

Örüş, biçənək 25-35-50 m

Meşə, kolluq 35-40-80 m

Sututarlarının balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərti ilə müəyyən edilir.

Qeyd: Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri haqqında və 2 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə “İstismar olunan ixrac neft boru kəmərlərinin” mühafizə zonalarının müəyyənləşdirilməsi haqqında Qaydalar təsdiq edilib:

İxrac neft boru və magistral boru kəmərləri xətti boyunca mühafizə zonası üçün nəzərdə tutulan torpaq sahələri:

- İxrac neft boru və magistral boru kəmərlərinin xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;

- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;

- çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;

- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, çoxlu sayda qarışıq boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;

- kondensatın saxlanılması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır

- baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının, neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR