Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına müxtəlif ölkələrdən ifaçılar dəvət olunub

Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına müxtəlif ölkələrdən ifaçılar dəvət olunub
# 24 iyun 2016 15:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Bəstəkarlar İttifaqında Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına həsr olunan mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ittifaqın sədri Firəngiz Əlizadə, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, musiqişünas alimlər iştirak edib. F. Əlizadə bildirib ki, festival 27 iyun – 1 iyul tarixlərində gerçəkləşəcək.

VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün müxtəlif ölkələrdən – Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Monqolustan, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan, Rusiya Federasiyasının subyektləri olan Tatarıstan, Başqırdıstan, Saha-Yakutiya və Tuvadan ifaçılar dəvət olunub. Xarici ifaçılarla yanaşı, festivalda F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri də iştirak edəcək.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bildirib ki, festivalın açılış günündə TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti keçiriləcək.

Tədbirin sonuncu günü Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında festivalın yekun konserti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR