Qara dənizin sahilindəki əsrarəngiz Batumidən - REPORTAJ

Qara dənizin sahilindəki əsrarəngiz Batumidən - REPORTAJ
# 04 avqust 2016 10:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bir qrup azərbaycanlı jurnalistin Acarıstan Muxtar Respublikasına infoturu təşkil olunub. APA-nın infotura qatılan əməkdaşı Cənubi Qafqazın əsas turizm bölgəsindən reportaj hazırlayıb.

Gürcüstan. Acarıstan Muxtar Respublikasının paytaxtı, azərbaycanlı turistlərin yay aylarında ən çox üz tutduğu yer – Batumi şəhəri.

Batumi Qara dənizin sahilində yerləşir. Cənubi Qafqaz regionunun turizm sarıdan ən inkişaf etmiş şəhəridir. Azərbaycandan hər il Batumiyə çoxlu sayda turist səfər edir. İnsan özünü Batumidə yad hiss etmir. Batumidə köhnə və yeni tikililərin sintezi fonunda insanların qonaqpərvərliyi isə başqa bir aləmdir. Batuminin mərkəzi küçələrindən birinə Bakı adı verilib. Təkcə Bakı küçəsi deyil, bir çox cəhətlər var ki, azərbaycanlı turistin özünü Batumidə yad hiss etməyə imkan vermir.

Batumi Gürcüstanın Qara dəniz limanı və həm də turizm mərkəzidir. Əslində, Gürcüstan, Acarıstan, Batumi haqda əksəriyyətiniz məlumatlıdır. Lakin Acarıstana hər dəfə ayaq basdıqda, yeni nəsə kəşf edirsən. Məsələn, mən 3 dəfə Batumidə olmuşam. Amma sonuncu səfərim zamanı Batumini yenidən kəşf etdim desəm, yəqin ki, ifrata varmaram. Acarıstan Turizm və Kurortlar departamentinin əməkdaşı bizə - bir qrup azərbaycanlı jurnalistə Acarıstan Muxtar Respublikası və onun turizm potensialı haqqında geniş məlumat verib. Onun dediyinə görə, rəngarəng flora və faunası olan Batumiyə hər il 400 mindən çox turist gəlir ki, bunların arasında Azərbaycan və Türkiyə vətəndaşları üstünlük təşkil edir.

Batumidə dənizkənarı bulvar ərazisində azərbaycanlı yazıçı Qurban Səidin “Əli və Nino” romanının qəhrəmanlarının şərəfinə Əli və Nino heykəli ucaldılıb ki, heykəltəraşlıq baxımından tam fərqlidir. Heykəlin müəllifi Tamar Kvesitadze heykəli yaradarkən Qurban Səidin azərbaycanlı gənclə gürcü qızı arasındakı sevgidən bəhs edən "Əli və Nino" romanından ilhamlandığını, bu iki gəncin əbədi sevgisinə abidə ucaltmaq istədiyini bildirib.

Ötən il yerli hakimiyyət abidəni dalğalardan qorumaq üçün başqa yerə köçürməyə çalışarkən heykəllərdən birini qaldıran kranın trosunun qırılması nəticəsinə Nino heykəli yerə düşərək dağılıb. 12 sentyabr 2015-ci ildə əvvəlki yerindən 50 metr aralıda quraşdırılmış heykəlin yenidən açılışı olub. Köçürülmə zamanı yerə düşərək dağılmış Nino heykəli yenidən bərpa olunub.

Batumi həm də biz azərbaycanlıların həyatına, ən əsası tarixinə qırmızı xətlə keçən Batumi müqaviləsi ilə düşüb. 1918-ci il 4 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı arasında bağlanmış müqavilənin əsasında 1918-ci ilin 15 sentyabrında Bakı daşnak-bolşevik işğalından azad olunub.

Kurort şəhərində, ümumilikdə Acarıstanda leysan yağışlar xarakterikdir. Yay fəsli olsa belə, siz güclü yağışa düşə bilərsiniz. Bəxtimizdən bizim səfərboyu yalnız bir dəfə yağış yağdı.

Batumiyə gəlib çimərliyə baş vurmamaq təbii günah olardı. Batumi çimərliyi özünəməxsus, ekoloji cəhətdən təmizdir. Burada insanlar sərbəst və çox rahat şəraitdə dincəlirlər. Çimərlikdə göstərilən əyləncə xidməti də bu istirahətə rəng qatır.

Turistləri qəbul etmək üçün Acarıstanda 325 otel və 20 974 restoran var. Batumidə kino, caz və digər festivallar keçirilir, turistlər üçün müxtəlif şou proqramlar təşkil olunur.

Acarıstan haqqında qiyabi məlumat aldıqdan sonra şəhərin görməli yerləri ilə tanış olmaq üçün yola çıxdıq. İlk olaraq Gürcüstan mətbəxinin əvəzedilməz təamı olan acar xaçapurisinin dadına baxdıq. Burada bizə xaçapurinin hazırlanma qaydasını da öyrətdilər. Əgər siz Batumiyə ayaq basacaqsınızsa, mütləq yolunuzu saldığınız restoranlarda acar xaçapurisinin dadına baxın.

Turistlərin daha çox üz tutduğu Batuminin mərkəzində yerləşən Piatsa meydanı...

Bələdçi bizə bu meydan haqqında məlumat verərkən bildirdi ki, Piatsa italyan dilində “meydan” deməkdir. Meydanın 4 istiqamətə çıxışı var. Meydanda otel və iaşə obyektləri fəaliyyət göstərir və burada turistlər üçün canlı musiqi, konsert proqramları təşkil olunur. Meydanda gözəlliyi və tikiliş üslubu ilə diqqəti özünə çəkən saat qülləsində otel də fəaliyyət göstərir. Saat qülləsi hər 3 saatdan bir zəng çalır. Bundan sonra qüllədəki qapılar açılır və əlində Gürcüstan bayrağı olan milli geyimli oyuncaq xanım və kişi çıxır, sonra isə Gürcüstanın dövlət himni səslənir.

Ətrafda insanlar məhz bu görüntünü görmək üçün bura toplaşırlar. Meydanın arxa hissəsində isə qədim yunan kilsəsi yerləşir.

Batumiyə quş baxışı

Batumidəki əyləncə komplekslərindən biri də Batuminin mərkəzi ilə Anuriya dağını birləşdirən kanat yolu hesab olunur. Ziyarətçilərin əksəriyyəti məhz bu yoldan istifadə etməklə Arqonun qonağı olur. Kanat yolu ən çox ziyarət edilən məkanlardandır. Batumidə dəniz səviyyəsindən 250 metr hündürlükdəki Anuriya dağının zirvəsində "Arqo" Mədəniyyət və İstirahət mərkəzi yerləşir. Buradan Batumi şəhəri, Qara dəniz və Qafqaz dağlarına möhtəşəm mənzərə açılır. Kompleksə restoran və kafelər, ticarət mərkəzləri, podium, zal və terraslar daxildir.

Cənnətin bir parçası – Botanika bağı

Dünyanın ən zəngin botanika bağlarından biri də Batumidə yerləşir. Buradakı gözəlliyi sözlə ifadə etmək olmur. Hətta fotoda belə gözəllik öz təbiiliyini itirir ki, buranı ancaq canlı görmək lazımdır. Batumi Botanika bağında dünyanın bir çox yerlərindən - Şərqi Asiya, Şimali Amerika, Yeni Zelandiya, Cənubi Amerika, Himalay, Meksika və Avstraliyadan gətirilən bitkilər, ağaclar əkilib. Botanika bağında hətta dünyanın ən yaşlı ağacı belə qorunub saxlanır. Bu məkan 1912-ci ildə coğrafiyaşünas Andrey Krasnov tərəfindən salınıb. Botanika bağındakı floranın zənginliyi 111 hektarda yerləşən 9 bölmədə əks olunub. Botanika bağını həm piyada, həm də ekskursiya məqsədli elektromobillərlə seyr etmək mümkündür.

Əyləncə mərkəzi - Delfinari

Batumi parkının ərazisində yerləşən delfinari şəhərin ən çox ziyarət olunan məkanlarındandır. Burada delfinlərin hərəkəti adamı valeh edir. Delfinarinin amfiteatrı 4 sektordan ibarətdir və 703 tamaşaçı üçün nəzərdə tutulub. Bu əsrarəngiz məkan istənilən havada keçirilməsi mümkün olan şou elementləri ilə təchiz olunub. Şouya gəlincə bildirim ki, şou üç - gürcü, ingilis və rus dillərində keçirilir. Şou istənilən yaşda olan izləyicilərdə maraq doğurur. Yayda delfinaridə ziyarətçi sayı çox olduğundan, şou gün ərzində üç dəfə təşkil olunur.

Qədim şəhər – Qonio. Apsaros qalası

Batumidən cənub istiqamətinə 12 kilometrlik məsafədə Çoroxi çayının sol sahilində I əsrə aid Qonio-Apsaros qalası yerləşir. Qalanın ətrafında isə Gürcüstanın qədim yaşayış məskənlərindən biri yerləşir. Qonio-Apsaros qalası unikal strateji əhəmiyyətə malik olmaqla, Cənub-Qərbi Gürcüstanla Qara dəniz sahillərini birləşdirən Çoroxi və Açaristsxali mağaralarını mühafizə edib. Relyefinə görə Qonio qalası Qara dəniz regionunun Bizans və Osmanlı imperiyalarının istinad nöqtələrindən birinə çevrilib. Müvafiq olaraq qala bir neçə mədəni hissədən ibarətdir: Roma (e.ə. III-IV), Bizans (VI-VII əsrlər) və Osmanlı (XVI əsr). Qonio-Apsarosun tarixi arqonavtlar barəsindəki miflə sıx əlaqəlidir. Deyilənə görə, Kolxida hökmdarı Aet Yason tərəfindən öldürülən oğlunu məhz burada dəfn edib. Qonio qalasının ərazisində İsa peyğəmbərin tərəfdarlarından olan apostol Matfeyin simvolik məzarı da yerləşir. Bəzi tarixi mənbələrə görə, apostol məhz bu ərazidə dəfn edilib. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində ellin dövrünə aid artefaktlar, ictimai tikililər, keramika, bürünc, gümüş əşyalar və I Yustinianın dövründən qalma gümüş sikkələr aşkar edilib.

Şərabın vətəni

Səfərin sonuncu günündə bizi Acarıstanın möhtəşəm şəlaləsinin olduğu dağa apardılar. İnsanlar şəlalədə həm çimir, həm də yaxınlıqda fəaliyyət göstərən kafelərdə gürcü mətbəxinin təamlarından dadırdılar. Gürcülərin ən çox sevdiyi içkini yəqin ki, hamı bilir. Sən demə, şərabın vətəni Acarıstan hesab olunur. Bunu yerli sakinlər bizə dedilər. Məhz buna görə də bizi şərabın istehsalı çox maraqlandırdı. Belə bir imkan yaradıldı və biz “şərab evi”ndə olduq. Burada şərab yüksək keyfiyyətlə hazırlanır və elə zavodun həyətində olan kafedə müştərilərə təqdim olunur, həm də Gürcüstanın digər dükanlarına paylanılır.

Acarıstan və onun paytaxtı Batumidə insan özünü öz vətənindəki kimi hiss edir. Çünki burada addımbaşı həmyerlilərimizə rast gəlmək olur. Odur ki, bütün bu gözəllikləri gözlərinizlə görmək üçün Batumiyə səfər etməyə dəyər. Əminəm ki, bir dəfə səyahət etsəniz, bu, davamlı olacaq. Yol xərci, qiymətlər də çox münasibdir, cibinizə uyğun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR