Elçin Quliyev Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb

Elçin Quliyev Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb
# 14 yanvar 2016 12:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasından, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etməsindən danışıb. Qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Söhbət əsnasında regionda cərəyan edən proseslər, sərhəd təhlükəsizliyinə təhdidlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR