Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Türkiyə 42, İsrail və Rusiya hər biri 14 şirkətlə təmsil olunacaq

Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Türkiyə 42, İsrail və Rusiya hər biri 14 şirkətlə təmsil olunacaq
# 22 sentyabr 2016 10:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə (ADEX 2016) həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, "ADEX 2016" sərgisində 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edəcək.

Nazir müavinin sözlərinə görə, ümumilikdə sərgi 44 ölkəni əhatə edir.

Mətbuat konfransında bildirilib ki, sərgidə Azərbaycan, Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli pavilyonları ilə çıxış edəcək. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyə (42 şirkət), İsrail (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur. "Aselsan", "CETC", "Damen", "MBDA", "Norinco", "Roketsan", "Rosoboronexport" və digər şirkətlər hərbi texnikanın nümayişi ilə çıxış edəcək.

Qeyd olunub ki, sərgidə Azərbaycan müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılır. Eyni zamanda, sərgidə Azərbaycanın milli pavilyonu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək.

Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: Quru qoşunları və Hərbi-Hava Qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.

Bundan başqa, ilk dəfə olaraq zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi təqdim ediləcək.

Sərgi 27-30 sentyabr tarixlərində Bakı Expo Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR