Müdafiə Sənayesi Nazirliyi səyyar kollegiya keçirib

Müdafiə Sənayesi Nazirliyi səyyar kollegiya keçirib
# 22 oktyabr 2015 12:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2015-ci ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Y.Camalov bildirib ki, Avropada, eləcə də bölgədə iqtisadi, hərbi, siyasi böhran yaşanmasına baxmayaraq, ölkə başçısı İlham Əliyev tərəfindən aparılan düşünülmüş və müstəqil siyasət nəticəsində respublikamızın iqtisadiyyatı uğurla inkişaf edir. Son illərdə əldə olunmuş nailiyyətlər növbəti illərdə də iqtisadiyyatın davamlılığının təmin edilməsi üçün zəmin yaradıb.

Y.Camalov qeyd edib ki, təmas xəttində tam üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə, MSN-in müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Müdafiə Sənayesi Nazirliyi cari ilin doqquz ayında uğurlu nəticələr əldə edib. Hesabat dövründə nazirliyin müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi davam etdirilib. Mülki məhsulların istehsalı üzrə proqnoza 102,5 faiz əməl edilib.

Qeyd olunub ki, cari ildə istehsal olunan məmulatların 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki məmulatlar təşkil edir. 2015-ci ilin istehsal proqramına uyğun olaraq doqquz ayda nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Hesabat dövründə qumbaraatanlar üçün atəş yığımlarının və minalar üçün partladıcıların istehsalı mənimsənilmiş və seriyalı istehsala verilib.

Sonda nazir Yavər Camalov Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb. Nazir Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR