IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək
# 07 sentyabr 2016 08:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 6-10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək. Konfransın keçirilməsinin əsas məqsəd dünyanın müxtəlif ölkələrindən aparıcı nəzəriyyəçilər, alimlər, rejissorlar və prodüserlərə müasir teatrın imkanlarını və qarşılaşdığı problemləri müzakirə etmək üçün platforma yaratmaqdır.

Builki konfransın əsas mövzusu “Multikulturalizm və teatr” olacaq. Həmçinin konfrans çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlər də keçiriləcək.

Azərbaycan Musiqili Teatrında beynəlxalq konfransa hazırlıqla bağlı toplantı keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, IV Bakı Beynəlxalq Teatr Konfransına maraq əvvəlki konfranslardan daha böyükdür. Konfransa 40-dan çox ölkədən 150-dək teatr mütəxəssisi qatılacaq. Dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının rəhbər şəxsləri, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatrlarının rəhbərləri tədbirdə iştirak üçün təşkilat komitəsinə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR