Prezident: “Əfsuslar olsun ki, Rəşid Behbudov müstəqil Azərbaycanda yaşamayıb, o bunu çox görmək istərdi”

Prezident: “Əfsuslar olsun ki, Rəşid Behbudov müstəqil Azərbaycanda yaşamayıb, o bunu çox görmək istərdi”
# 04 oktyabr 2016 15:01 (UTC +04:00)

Bakı – APA. “Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi, müstəqil Azərbaycanı görmədi. Ancaq çox görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə yaşasınlar, öz müstəqil dövlətini təbliğ etsinlər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda dünya şöhrətli müğənni Rəşid Behbudovun abidəsinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı Azərbaycanda Rəşid Behbudovun adının əbədiləşdirildiyini qeyd edib: “Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilib. Keçən il Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilib, mənim tərəfimdən müvafiq sərəncam imzalanıb və bu gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaq”.

Prezident bildirib ki, R. Behbudov ölkəmiz, xalqımız üçün çox işlər görüb. Onun sözlərinə görə, R. Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır. “Biz həmişə onu yadda saxlayırıq. Həmişə televizorda onun mahnıları səslənəndə bir daha görürük ki, bu insan nə qədər istedadlı və gözəl insan idi. Rəşid müəllim çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olub. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı. Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. Fəxr edirik ki, bizim xalqımızın nümayəndəsi dünya şöhrətli musiqi xadimidir. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR