Azərbaycan dilinin frazeoloji lüğətinin təqdimatı keçirilib

Azərbaycan dilinin frazeoloji lüğətinin təqdimatı keçirilib
# 09 fevral 2016 14:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Qulu Məhərrəmli və Rafiq İsmayılovun müəllifi olduğu Azərbaycan dilinin frazeoloji lüğətinin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə lüğətin elmi redaktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov açıb.

O bildirib ki, Azərbaycan dilinin frazeoloji lüğətində 7 000-ə yaxın frazeoloji ifadə var: “Lüğətdə 7 000 frazeoloji ifadənin aydın izahı verilib. Lüğətin çox ciddi, elmi əsasları var. Lüğət hazırlamaq qədər zəhmət tələb edən bir iş yoxdur. Ona görə də müəlliflər lüğəti hazırlayarkən məsuliyyəti dərindən dərk ediblər. Qeyd edim ki, Azərbaycanda frazeoloji lüğətçiliyin tarixi elə də qədim deyil”.

N. Cəfərov deyib ki, frazeoloji ifadələrin hüdudları və təsnifatı hər zaman mübahisə predmeti olub: “Atalar sözləri və məsəlləri də frazeoloji ifadə kimi təqdim ediblər. Lakin atalar sözləri və məsəllər dil hadisəsi deyil. Akademik Tofiq Hacıyev deyirdi ki, frazeoloji ifadələr bədii əsərdir, atalar sözü və məsəllər isə daha çox fəlsəfədir. Məhz bu lüğətdə frazeoloji ifadələrin hüdudları müəyyənləşdirilib. Lüğət elmi-tədqiqat əsəridir”.

Daha sonra professor Nəsir Əhmədli, Elçin Şıxlı, Arif Əliyev və başqaları lüğət haqda fikirlərini bildiriblər.

Tədbirdə qeyd olunub ki, lüğət AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclasında müzakirə edilib və bəyənilib. Lüğətin redaktorları Şahlar Məmmədli və Arzu Quliyevadır. Lüğətdə yazılı və şifahi nitqdə işlənən 7 000-ə yaxın frazeoloji ifadənin izahı verilib. Mətbuatda, televiziya və radio verilişlərində, şifahi və yazılı ədəbiyyatda tez-tez rast gəlinən bu ifadələrin ümumişləkliyi əsas prinsip kimi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR