Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsini nəzərdə tutan qanun layihəsi qəbul olunub

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsini nəzərdə tutan qanun layihəsi qəbul olunub
# 04 mart 2016 14:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin növbəti plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlığın maraqlarının müdafiəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olunub.

"APA-Economics"in məlumatına görə, layihə barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, qanuna əsasən, yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədilə yoxlanılan sahibkarın fəaliyyəti üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol təqdim edir. Yoxlayıcı tərəfindən bu qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır.

Yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydasına yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər.

Verilmiş şikayət və ya İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər səbəblər əsasında müvafiq icra hakimiyyəti orqanı yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması və ya qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, yuxarı dövlət orqanı isə yoxlayıcı orqanlar (yoxlayıcılar) tərəfindən yoxlamaların qeydiyyatı ilə bağlı tələblər və prosedurlar istisna olmaqla, bu qanunla müəyyən edilmiş digər tələblərin və prosedurların pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR