İnstitut direktoru: “Azərbaycana idxal olunan gübrələrin keyfiyyəti aşağıdır”

İnstitut direktoru: “Azərbaycana idxal olunan gübrələrin keyfiyyəti aşağıdır”
# 02 mart 2016 13:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Yeni iqtisadi şəraitdə ərzaq təhlükəsizliyi ilə bağlı problem çoxdur. Bura torpağın yaxşılaşdırılması, suyun çatışmazlığı, sudan səmərəli istifadə və digər məsələlər daxildir”.

APA-nın xəbərinə görə, bunu AMEA-nın müxbir üzvü, Genetik Ehtiyatlar İnstitutun direktoru Zeynal Əkbərov AMEA Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, ölkəyə suyun 80 %-i kənardan daxil olur, tələbatın 20%-i isə yerli çayların hesabına ödənilir. Bu sudan səmərəli istifadə etmək lazımdır.

Z. Əkbərov əlavə edib ki, müasir elmi tədqiqat işlərini aparan institutlar köhnə qayda ilə işləyir ki, bu qaydalar da müasir tələblərə cavab vermir. Onun sözlərinə görə, ölkədə rəqabətqabilliyyətli məhsul istehsal edilmir, texnologiya rəqabətqabilliyyətli deyil: “Ona görə də biz alimlər çalışmalıdır ki, müasir dövrün tələblərindən irəli gələn yeni texnologiyalar yaradılsın. Elə yeni sortlar yaradılmalıdır ki, qonşulara ixrac oluna bilsin. Həmçinin elə potensial olmalı və standartlar ödənilməlidir ki, məhsullar Avropaya, uzaq Şərq ölkələrinə və dünyanın bir çox ölkələrinin bazarlarına çıxa bilsin”.

İnstitut direktoru bildirib ki, bu gün Azərbaycan çoxlu gübrə idxal olunur: “Baha olmasına baxmayaraq, bu gübrələrdən alınan səmərə və keyfiyyəti çox aşağıdır. Yerli istehsal hesabına həm gübrə, həm də kimyəvi vasitələr istehsal olunmalıdır ki, onların həm keyfiyyəti yüksək olsun, həm də ucuz başa gəlsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR