Belarus-Azərbaycan biznes forumu keçirilib

Belarus-Azərbaycan biznes forumu keçirilib
# 26 noyabr 2015 16:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarusda səfərdədir və bu gün Minskdə Belarus-Azərbaycan biznes forumu öz işinə başlayıb.


Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm, maliyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.


Biznes forumda çıxış edən nazir Ş.Mustafayev Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb: “Ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza yaradılıb. İndiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 90-a yaxın sənəd imzalanıb”.


Ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən Ş.Mustafayev ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası məqsədilə hər iki ölkənin birgə səylərini artırmasının əhəmiyyətini qeyd edib: “Hazırda Azərbaycanda Belarus kapitallı 30-a yaxın şirkət, Belarusda isə 60 Azərbaycan şirkəti fəaliyyət göstərir. Sənaye sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur”.


“Belə ki, Gəncə Avtomobil Zavodu və Minsk traktor və avtomobil zavodu arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır”, - deyə nazir vurğulayıb.


Ş.Mustafayev iş adamlarını sənaye, kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə daha sıx əməkdaşlığa dəvət edib, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR