Dövlət Fitosanitar Nəzarəti Xidmətinin vəzifələri və hüquqları artırılıb

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin vəzifələri və hüquqları artırılıb
# 14 iyun 2016 13:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda Dövlət Fitosanitar Nəzarəti Xidmətinin vəzifələri və hüquqları artırılıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin növbədənkənar plenar iclasında qəbul edilən “Fitosanitar nəzarəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna edilən dəyişikliyə əsasən, bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr vermək, fitosanitar xidmətinə dair təlimatın, qaydaların, uçot, hesabat, akt və protokol formalarının, icazə xarakterli sənədlərin və digər normativ sənədlərin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək Dövlət Fitosanitar Nəzarəti Xidmətinin vəzifələri sırasına daxil edilib.

İndiyə qədər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olmaq üçün onlara müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə lazımi məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq hüququ olub.

Dəyişikliyə əsasən, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bu sahədə hüquqları genişləndirilib. Xidmətin artıq müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq hüququ olacaq.

Dəyişiklik Dövlət Fitosanitar Nəzarəti Xidmətinə bitki mühafizəsi tədbirlərinin mövcud təlimat, texnologiya və reqlamentlərin pozulması ilə aparıldığı hallarda, bu tədbirləri həmin nöqsanlar aradan qaldırılana qədər dayandırmaq hüququ da verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR