Həyat yoldaşının qətlində təqsirləndirilən qadın və onun tanışının məhkəməsi davam edib

Həyat yoldaşının qətlində təqsirləndirilən qadın və onun tanışının məhkəməsi davam edib
# 07 oktyabr 2016 10:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Lalə Mahmudovanın müdafiəsinə vəkil Nüşabə Ağayevanın da qoşulduğu bildirilib.

Prosesdə Bakı şəhəri 27-ci Polis Bölməsinin əməkdaşı Rəhman İsmayılov ifadə verərək bölməyə Kamram Mahmudov adlı vətəndaşının itkin düşməsi ilə bağlı müraciət daxil olduğunu deyib: "Araşdırdıq, sonra Lalə xanımı bölməyə dəvət etdik. Söhbət elədik. Səmimi şəkildə cinayəti etiraf etdi. Sədinin də iş yerini dedi. Gedib meyiti torpaqdan çıxardıq".

Lalə Mahmudova bildirib ki, bölmədə ifadəsini Rəhman İsmayılov götürməyib: "Orada hamısı qışqıra-qışqıra danışırdı, axırda Rasim adlı polis əməkdaşı ifadəmi aldı".

Lalə Mahmudovanın yeni vəkili Nüşabə Ağayeva cinayət işinin materialları ilə tanış olmadığını deyib. Bunun üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.

S. Məmmədov K. Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.

Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar oktyabrın 3-də tutularaq istintaqa cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR