Davudoğlu: Aİ sammitində Türkiyəyə əlavə 6 mlrd. avro ayrılması müzakirə olunacaq

Davudoğlu: Aİ sammitində Türkiyəyə əlavə 6 mlrd. avro ayrılması müzakirə olunacaq
# 16 mart 2016 00:47 (UTC +04:00)

Bakı-APA. Bu həftə miqrasiya probleminə dair Brüsseldə keçiriləcək Aİ-Türkiyə sammitində Türkiyəyə yaxın üç il ərzində qaçqınların qəbul olunması üçün əlavə 6 mlrd. avronun ayrılması müzakirə olunacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ankarada Aİ Şurasının sədri Donald Tuskla birgə mətbuat konfransında Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

“Sammitdə yaxın üç ildə qaçqınların qəbul olunması üçün Türkiyəyə artıq ayrılmış 3 mlrd. avroya əlavə olaraq 6 mlrd. avronun ayrılması məsələsi müzakirə olunacaq. Biz alver etmirik, bu maliyyə problemi deyil, bizim üçün əsas humanitar aspektdir. Biz qaçqınların Egey dənizi vasitəsilə daşınmasını azaltmalı, tədricən isə buna son qoymalıyıq”, - deyə Davudoğlu qeyd edib.

Qeyd edək ki, martın 8-də Aİ üzvü olan 28 ölkənin liderləri və Türkiyənin baş naziri “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişinin altı prinsipini razılaşdırıblar. Plana əsasən, Türkiyə ölkəyə gələn qeyri-qanuni miqrantalı öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları isə Aİ-nin vəsaiti hesabına ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. Bunun müqabilində Türkiyə ilə viza rejiminin sadələşdirilməsi və Aİ-yə üzvlük üzrə danışıqların tezləşdirilməsi, həmçinin, 3 mlrd. avro vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa tərəflər birlikdə Suriyada humanitar vəziyyəti yaxşılaşdırmaq niyyətindədirlər. 17-18 martda keçiriləcək növbəti sammitdə bu prinsiplər əsasında yekun sazişin imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR