Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilib

 Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilib
# 10 dekabr 2015 08:40 (UTC +04:00)

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 32-si mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 2-si isə məhkəmə orqanlarındadır.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

- vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır)

- dövlət qulluğunda inzibati vəzifələrdə azı 5 il çalışmış şəxslər.

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 10 dekabr 2015-ci il tarixdən 29 dekabr 2015-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaq. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Həmçinin Komissiya tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 19 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması dekabrın 2-də başa çatıb.

Müsabiqə üzrə 1278 namizəd qeydiyyatdan keçib.

Ən çox namizədin qeydə alındığı dövlət orqanı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (1051 nəfər) olub.

Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın rəsmi internet saytında “Test imtahanlarının qrafiki” bölməsində (www.csc.gov.az) yerləşdirilib. Qrafikdə namizədlər iddia etdikləri dövlət orqanlarının inzibati vəzifələri üzrə nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilib.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) ətraflı tanış ola bilərlər.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilib.

Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR