Bu il SKMF xətti ilə sahibkarlara 250 mln. manata yaxın güzəştli kredit verilib

Bu il SKMF xətti ilə sahibkarlara 250 mln. manata yaxın güzəştli kredit verilib
# 24 dekabr 2015 13:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu bu gün Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 90-a yaxın sahibkarın iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bu il fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

O bildirib ki, bu il 5 230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 mln. manat güzəştli kredit verilib: “Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 130-dan çox sənaye müəssisəsinin maliyyələşdirilməsinə 410 mln. manatdan çox güzəştli kredit verilib. Bu müəssisələrdən 115-i istifadəyə verilib. Müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq”.

Ş. Abdullayev bildirib ki, 2016-cı ildə logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaqdır.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 21 sahibkarlıq subyektinə 5,3 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, çörək, un məmulatları, mebel, qapı-pəncərə, transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR