Elçinin "Şekspir" tamaşası İtaliyada təqdim olunub

Elçinin "Şekspir" tamaşası İtaliyada təqdim olunub
# 17 may 2016 10:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “L`Arte del Teatro” xalq yazıçısı Elçinin “Şekspir” pyesinin İtaliya premyerasını təqdim edib.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar dramaturqun həyat və yaradıcılığına həsr edilmiş qlobal tədbirlər dünyanın bir çox yerlərində keçirilməkdədir.

9-26 may tarixlərində İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani” qalasında keçirilən “Shakespeare in the Castle” (Şekspir Qalada) adlı festival bu tədbirlərdəndir. Festival çərçivəsində 14 və 15 may tarixlərində xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” pyesi italyan dilində “L`Arte Del Teatro” tərəfindən Avropa premyerası baş tutub.

Tamaşanın quruluşçu rejissoru Patrizia Di Fulvio, festivalın rəhbəri tanınmış rejissor Gianpiero Borgiadır. Əsər italyan dilinə Marqerita Kristiana tərəfindən tərcümə edilib. Tamaşada Guido Silveri, Castellano Gianluca, Françesko Persico, Valentina Caiano və digər aktyorlar yer alıb.

Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə artıq səhnəyə qoyulub.

Səfirlikdən əlavə ediblər ki, premyera Azərbaycanın zəngin ədəbi irsi ilə yaxında tanış olmasına öz töhfəsini verib, İtaliya mətbuatında geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR