Milli Məclis bir sıra qanun layihələrinə dəyişiklik edib

Milli Məclis bir sıra qanun layihələrinə dəyişiklik edib
# 05 mart 2019 14:22 (UTC +04:00)

Milli Məclis bir sıra qanun layihələrinə dəyişiklik edib.

ONA-nın xəbərinə görə, parlamentin bugünkü plenar iclasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Müzakirə zamanı bildirilib ki, qanuna yeni – XI-I fəsil əlavə edilib. Əlavə edilən 40-1 (Geoloji parkların və onların təşkili) maddəsinə əsasən, geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik ərazilərdir. Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləminin istifadəsinə verilir. Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Plenar iclasda “Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılıb. Bu qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinir:

1. Dövlət əmlakının özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə, ödənilməmiş borcların 70 faizi silinir.

2. Dövlət əmlakının özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə, ödənilməmiş borcların 50 faizi silinir.

3. Dövlət əmlakının özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə, ödənilməmiş borcların 30 faizi silinir.

Bu qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilən, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Layihə səsə qoyularaq, qəbul edilib. Qanun martın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR