"Azərişıq" sənədsiz evlərə elektrik enerjisinin verilməsi ilə bağlı ƏMDK ilə danışıqlar aparır

"Azərişıq" sənədsiz evlərə elektrik enerjisinin verilməsi ilə bağlı ƏMDK ilə danışıqlar aparır
# 25 yanvar 2018 09:41 (UTC +04:00)

"Ötən il “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmətə” 33 min müraciət olunub. 30 min abonentinin elektrik şəbəkəsinə qoşulması uğurla həyata keçirilib".

APA-Economics”in məlumatına görə, bunu bu gün “Azərişıq” ASC-nin “ASAN Xidmət” vasitəsilə həyata keçirdiyi yeniliklər, xüsusilə də “Doing Business”in tələblərinə uyğun olaraq görülən işlərlə bağlı keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin rəsmisi Elsevər Rüstəmov bildirib.

Onun sözlərinə görə, müraciətin 1 000-ə yaxını qeyri-əhali qrupuna aid olan abonentləridir: "Qoşulmalarının 80%-i 3 gün ərzində həyata keçirilib. Müraciətlərinə müsbət cavab verilməyən abonentlər dövlət tərəfindən qoyulan limitdən yayınmaq üçün əlavə qeydiyyata düşmək istəyib. İmtinanın digər səbəbi debitor borclardan yayınmağın qarşısını almaqdır”.

E. Rüstəmov bildirib ki, elektrik şəbəkəsinə qoşulmaqla bağlı bəzi abonentlərin müraciətinin müsbət cavablandırılmaması sənəd çatışmazlığı ilə bağlı olub: "Ancaq bu müraciətlər tez bir müddətə öz həllini tapır. Bizim məqsədimiz əhalinin elektrik enerjisinə qoşulmasını maksimum asanlaşdırmaqdır”.

E.Rüstəmov həmçinin əlavə edib ki, təmsil etdiyi qurum sənədsiz evlərlə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) ilə danışıqlar aparır: “Bildiyiniz kimi ƏMDK sənədsiz evlərlə bağlı layihə həyata keçirir. Komitə bizə hər hansı arayış verməklə biz həmin tikilini elektrik enerjisi ilə təmin edəcəyik. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir”.

“Azərişıq” ASC-nin rəsmisi Vüqar Əliyev qeyd edib ki, Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. O bildirib ki, cəmiyyətin məqsədi Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar və reytinqlərdə, həmçinin “Doinq Business” hesabatında mövqeyinin yaxşılaşdırılmasıdır: “Məqsədlərimizdən biri əhali, həmçinin sahibkarlar üçün əlverişli mühitin yaradılmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR