Ekspertlər: “Prezidentin Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncamı Ermənistanda təşviş yaradıb”

Ekspertlər: “Prezidentin Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncamı Ermənistanda təşviş yaradıb”
# 27 yanvar 2017 12:45 (UTC +04:00)

“Azərbaycan prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam çox mühüm siyasi və mənəvi əhəmiyyətə malikdir. Düşmən buna görə çox narahatdır”.

Bunu APA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ermənistanda Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamın geniş səs-küy yaratmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistanın prezidenti Serj Sarkisyan indiyə kimi çox yalanlar danışıb: “O, xüsusən aprel döyüşləri ilə bağlı fikirlər səsləndirirdi. Hətta Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan apreldə itirdikləri əraziləri geri qaytaracaqlarını bəyan edirdi. Artıq yanvar ayı başa çatır və ermənilərin daha bir yalanı ortadadır. Bəli, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yaşayışın bərpası ilə bağlı addımları Ermənistanda çox böyük çaşqınlıq yaradıb. Ermənilər artıq bu tikinti-quruculuq işlərinin Şuşada, Xankəndində aparıla biləcəyini etiraf edirlər”.

Ü. Cəfərovun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam yerində atılmış addımdır: “Bu, son vaxtlar Azərbaycanın Ermənistana vurduğu ikinci böyük zərbədir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun ərazisində indiyə kimi nümayiş edilməyən silahların daha bir neçəsi düşmənə və onun havadarlarına göstərildi. Bundan sonra isə ermənilərin narahatlığı birə-beş artıb. Belə də davam etməlidir. Nə qədər işğalçı öz siyasətindən əl çəkməyib, Azərbaycan həm təzyiqləri, həm də praktiki addımlarını artıracaq. Azərbaycan prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamla bir daha açıq şəkildə bəyan etdi ki, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu sərəncam həm də Abşeron rayonunda “N” saylı hərbi hissədə Azərbaycan prezidenti İlham Əliyevin hərbi qulluqçularla görüşdə səsləndirdiyi fikirlərin bir növ təsdiqi idi. Həmin görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı açıq şəkildə qeyd etdi ki, Azərbaycan Dağlıq Qarabağa heç vaxt müstəqillik verməyəcək. Çünki son vaxtlar ermənilər və onların havadarlarında eyforiya yaranmışdı. Bunun ardınca Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzalanan sərəncamda Azərbaycan vətəndaşlarının öz ata-baba yurdlarına qayıdışa başlamasının startı verildi. Artıq Cocuq Mərcanlıda minalardan təmizləmə işlərinə başlanıb. Aidiyyəti dövlət qurumları orada işlər həyata keçirir. Erməni işğalından sonra azərbaycanlı məcburi köçkünlər respublikanın bütün şəhər və rayonlarına səpələniblər. Biz 1994-cü ildə işğaldan azad olunmuş Horadiz şəhərini bərpa etdik. Bu gün Füzulinin işğaldan azad olunmuş 22 yaşayış məntəqəsində vətəndaşlarımız kənd təsərrüfatı, elm, təhsil və digər sahələrlə məşğuldurlar. Apreldə o ərazilərdə qazandığımız uğurun nəticəsi kimi vətəndaşlarımız əsgərlərimizin yanına qayıtmaqla, əsgərlərimiz özlərini arxayın hiss edəcək, həm də onların məsuliyyəti daha da artacaq”.

Politoloq Qabil Hüseynli bildirib ki, ermənilər Azərbaycan prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan təşvişə düşüblər: “Son günlər ermənilər təkcə Serj Sərkisyanı tənqid etmir. Hətta əksər ermənilərdə belə bir fikir yaranıb ki, bu gün Cocuq Mərcanlıya qayıdan, orada məskunlaşan azərbaycanlı sabah Şuşaya, Xankəndinə qayıda bilər. Axı niyə də qayıtmayaq?! Biz öz doğma torpaqlarımıza qayıdırıq. Bu, bizim tarixi torpaqlarımızdır. Ermənilər o torpaqları xarabalığa çevirdilər. Biz Cocuq Mərcanlını gülüstana çevirəcəyik və özlərini sivilizasiyalı xalq hesab edən ermənilər buna şahid olacaq. Azərbaycan prezidenti İlham Əliyevin səyi nəticəsində Cocuq Mərcanlıda nümunəvi kənd salınacaq. Kənddə bütün infrastruktur yaradılacaq. Cocuq Mərcanlı inkişaf edəcək. Ermənilər bundan təşvişə düşüb. Ermənilərin həyəcanı, öz prezidentlərini tənqid etmələri, yersiz emosiyalara meydan vermələri həyasızlığın və erməni riyakarlığının bir formasıdır. Bu qayıdış hələ yeni başlayıb və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilənə qədər də davam edəcək”.

Q. Hüseynli deyib ki, Cocuq Mərcanlı kəndinin məskunlaşdırılması və orada infrastrukturun yaradılması üçün Azərbaycan prezidenti tərəfindən 4 milyon manat vəsaitin ayrılması tarixi hadisədir: “Yəqin ki, gələcək tarix kitablarında doğma torpaqlarımıza qayıdışın birinci qaranquşu kimi Cocuq Mərcanlını göstərəcəklər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bəyan edib ki, Cocuq Mərcanlı kəndinə qayıdış Ermənistan hakimiyyətinə və cəmiyyətinə ciddi bir mesajdır: “Əgər biz Cocuq Mərcanlıda istədiyimiz infrastrukturu qursaq, insanlar üçün bütün lazımı şəraiti yaratsaq, Ermənistan, işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan ermənilər haqlı olaraq özlərinə sual verəcəklər ki, axı biz niyə belə yaşamırıq? Cocuq Mərcanlı kəndində məskunlaşmanın belə bir əhəmiyyəti var. Düşünürəm ki, bu uğurlu gedişdir. Ermənistanda həm də ona görə vahiməyə düşüblər ki, Azərbaycan bununla kifayətlənməyəcək. Bu, ilk addımdır. Nə vaxta qədər Ermənistan ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmayacaq, cəbhə bölgəsində gərginlik qalacaq və biz daim işğalçını təzyiq altında saxlayacağıq”.

E. Şahinoğlu onu da vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam gözlənilən idi: “Prezidentin imzaladığı sərəncam çox uğurlu addımdır. Bu, əslində bizim Dağlıq Qarabağa qayıdışımızın bir nümunəsidir. Ayrılan vəsaiti faydalı istifadə etmək lazımdır. Həm də, torpaqlar qayıtsa, guya məcburi köçkünlər öz yurd-yuvalarına geri qayıtmayacaq kimi müəyyən şayiələr yayılırdı. Amma Cocuq Mərcanlı sakinlərinin hamısının öz kəndlərinə qayıtmaq istəyi bu şayiənin üstündən böyük xətt çəkdi”.

Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 milyon manat ayrılıb. Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı işğalçı ölkədə böyük səs-küy yaradıb və ermənilər buna görə Serj Sarkisyanı tənqid edirlər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR