Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi yekunlaşıb
# 23 may 2018 13:17 (UTC +04:00)

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, qrant müsabiqəsi "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələrinin yerinə təşkil olunur.

Onun sözlərinə görə, müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub: "Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib".

Şöbə müdiri qeyd edib ki, müsabiqədə layihəsi qalib olmayan şəxslər apelyasiya müraciəti edə bilərlər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov əlavə edib ki, qrantlar QHT-lərə verilmir: "Müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR