Dələduzluğa məruz qalan almaniyalı şirkət rəhbəri Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib

Dələduzluğa məruz qalan almaniyalı şirkət rəhbəri Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib
# 05 iyun 2018 10:57 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Almaniyada qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomas da iştirak edib.

Təqsirləndirilən Ə. Yusifov yenidən ifadə verib. O deyib ki, 2010-cu ildə bir neçə ölkədə neft şirkətləri olub: "Dövriyyəm 50 milyon ABŞ dolları, qazancım isə 10 milyon dollar olub. Zərərçəkmiş şəxs həmin il mənim yanıma 3 şəxslə gəldi və mənə iş qurmaq təklif etdilər. Bunların fəaliyyətini araşdırdım və gördüm ki, bu şəxslər uğursuz iş adamıdırlar, müflis vəziyyətdədirlər. Bu adamlar təkidlə mənlə işləməyi xahiş etdilər, 1 il müddətində mənim Yaşmadakı ofisimdə oturdular. Həmin dövrdə tenderdə qalib gəldilər, lakin “Airwerk” şirkətinin layihələrini icra etmək üçün bizim şirkətin hesabına 2 milyon dollar pul köçürdülər. Bu pulun 1 milyon 140 min manatını mən neft işləri üçün Qazaxıstana köçürdüm. Bu şəxslər mənə etibar etdiyi üçün sonradan Riqa şəhərindəki ofşor hesabıma 4 milyon ABŞ dolları pul köçürdülər. Dedilər ki, həmin pulu özləri lazım gəldikdə istifadə etmək üçün mənim bank hesabıma köçürüblər. Bir müddət sonra isə verdikləri pulun hamısını özlərinə qaytarmışam. Bu pulları Elşən adlı şəxsin vasitəsilə zərərçəkmişə qaytarmışam. Yalnız 300 min manat borc qalıb onu da əmlakımı sataraq qaytaracağımı demişəm".

Sonra zərərçəkmiş Stichternath Heins-Georg Tomas məhkəmədə ifadə verib. O deyib ki, təqsirləndirilən şəxsin ifadəsi həqiqətəuyğun deyil və fantaziyalarla doludur: "Düzdür, mən onunla 2010-cu ildə tanış olmuşam. Biz həmin müddətdə tenderdə dəyəri 125 milyon dollar məbləğində layihəni udduq. Yerli şirkətlərlə 45 milyon avro dəyərində iş qurmuşuq. Neft işləri ilə bağlı tender keçirilməsi üçün bütün lazımi işləri həyata keçirmişik. Ələddin Yusifov isə özünü bizə inşaat işlərini həyata keçirən şirkətin rəhbəri kimi təqdim edib və keçirilən tenderi udub. Lakin sonradan biz yoxlamalar nəticəsində onun inşaat sahəsində lazımi bacarıq və struktura malik olmadığını gördük. Buna görə biz tenderi ona vermədik. Ələddinlə münasibətlərimiz yaxşı idi, mütəmadi görüşürdük".

Zərərçəkmiş deyib ki, bir gün Ə. Yusifov ona neft məhsullarının ticarəti ilə məşğul olmağı təklif edib: "Bu da mənə maraqlı gəldi və neft ticarətinə girmək üçün ona 2 milyon avro pul verdim. Bu pulu onun Bakıdakı bankında olan hesabına köçürdüm. Sonradan Ələddin dedi ki, anbarları doldurmaq üçün məbləği müəyyən qədər artırmaq lazımdır. Bunun üçün məndən daha 2 milyon avro istədi. Bu pulu onun Riqadakı hesabına köçürməyimi xahiş etdi. Bu pulları ona etibar etdiyim üçün verdim. Sonra daha 2 milyon, ümumilikdə 6 milyon avro pul köçürdüm. Bu pulları köçürdükdən sonra o, mənimlə görüşmədi. Hər dəfə danışanda başqa-başqa ölkələrdə olduğunu dedi. Sonradan biz məlumat aldıq ki, prokurorluqda ona qarşı cinayət işi qaldırılıb, ofislərində axtarış olub. Bizə məlum oldu ki, o, bizim verdiyimiz pullarla Afrikada neft yox, qızıl yataqları alıb və bizə yalan danışıb. Mən onunla sonuncu dəfə 2015-ci ildə görüşdüm və pulu qaytarmağını istədim. Ancaq o bizə indiyədək heç bir manat da pul verməyib. Bunun əvəzində bizə qaldığı villanı təklif etdi və 2016-cı ildə bu villanı bizə girov kimi verdi. Bu villaya görə onun 6 milyon borcundan 2 milyon silmək qərarına gədik. Bundan sonra məlum oldu ki, bu villanın sənədlərində də problem var. Ümumi borcdan 1 milyon avro hissələrlə bizə geri qaytarıb qalan borc isə hələ də qalıb. Hazırkı vəziyyətə görə, onun bizə 3 milyon avro borcu qalıb".

İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti “MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub. Ələddin Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.

O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb.

Ələddin Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin puldan 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.

Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb. Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.

İstintaq orqanı tərəfindən Ələddin Yusifova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Ələddin Yusifovun barəsində olan cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR