Balakəndə “Xaşxaş - 2017” şərti adı altında növbəti əməliyyat keçirilib

Balakəndə “Xaşxaş - 2017” şərti adı altında növbəti əməliyyat keçirilib
# 11 avqust 2017 09:31 (UTC +04:00)

Balakən polisi rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində “Xaşxaş - 2017” şərti adı altında növbəti əməliyyat-axtarış tədbiri keçirib.

APA-nın məlumatına görə, rayonun Katex kənd inzibati ərazisində, meşəlik ərazidə narkotik tərkibli bitkilərin kultivasiya üsulu ilə əkilməsi barədə RPŞ-yə məlumat daxil olub.

Daxil olan məlumat əsasında keçirilmiş tədbir nəticəsində rayonun Mahamalar kənd sakinləri, 1983-cü il təvəllüdlü Firuddin Umaxan oğlu Xəlilov və onun əmisi oğlu, 1969-cu il təvəllüdlü İslam Şeyx oğlu Xəlilov ərazidə narkotik tərkibli bitki hesab olunan çətənə bitkisi kollarına qulluq edən zaman iş başında yaxalanıblar. Polis əməkdaşlarının əraziyə gəldiyini görən İslam Xəlilov ərazidən qaçaraq hələlik istintaqdan yayına bilib.

Əvvəllər oğruluq etdiyi üçün məhkumluq həyatı yaşayan Firuddin Xəlilov polis əməkdaşları tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə ərazinin iki müxtəlif hissəsində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən, hündürlüyü 80 sm-dən 3 metrə qədər olmaqla ümumi sayı 50 ədəd narkotik bitki hesab edilən çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb.

Əməliyyatın davamı olaraq ərazidə qurudulmaq üçün sərilmiş və quru halda olan 2 kiloqram 135 qram marixuana aşkar edilərək götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib. Ərazidə narkotik tərkibli bitkilərin əkilməsində, qurudulmasında iştirak edən və əməliyyat tədbiri zamanı qaçan İslan Xəlilovun tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR