Milli Qəhrəmanın xanımı: "Zaman donub" - REPORTAJ

Milli Qəhrəmanın xanımı: "Zaman donub" - <span style="color: red;">REPORTAJ
# 03 aprel 2018 16:02 (UTC +04:00)

II Şəhidlər Xiyabanına daxil olanda ilk ağlımdan keçən cümlə bu oldu – 2 il nə tez keçdi? Amma fikrim dərhal dəyişdi.

APA TV-nin məlumatına görə, iki illik zaman kəsiyi bizim üçün, yəni onları yaxından tanımayanlar üçün tez keçib. Əzizləri üçün isə zaman donub.

Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva belə deyir: “Biz ailə olaraq həmin günlərdəyik. İtirdiyimiz həmin andayıq. Bizim üçün 2 il 2 günə bərabərdir”.

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin şəhid olmasından 2 il ötür. Ailə üzvləri, yaxınları və dostları onu II Fəxri Xiyabanda məzarı başında andılar.

Anası Güllübəyim Mirzəyeva sanki Murad Mirzəyevi itirmədiklərini düşünür: “Bala var, bala. O qədər gözəl bala idi ki... Mehriban, diqqətcil idi. Biz onu elə bil ki, itirməmişik. Hər gün, hər vaxt yaşadırıq”.

Murad Mirzəyevin iki övladı qalıb. Ötən ilə qədər onlar atalarının şəhid olduğunu bilmirdilər: “Anaları başa saldı. Mən cürət edə bilməzdim. Sonra bizsiz qəbir üstə gətirdi. Artıq hər şeyi bilirlər. Uşaqlar çox çətinliklə qəbul etdilər. Yoldaşı danışır ki, məzarını görəndə o qədər bağırdılar, o qədər ağladılar ki...”

Fizzə Mirzəyeva isə Murad Mirzəyevin adına layiq övladlar böyütməyə çalışdığını deyir: "Murad elə bir insan idi ki, həm ailədə, həm də işdə yeri çox bilinir. Şəhidlər vurulduğu zaman deyil, unudulduğu zaman ölürlər".

Muradın oğul övladı Nurlan atasının yolunu davam etdirmək istəyir: “Nurlan gözünü açandan atasını formada görüb. Uşaq vaxtından hərbçi olmağın nə demək olduğunu anlayır. Hətta Muradın işinə də gedib, həm də dəfələrlə. İndi də heç bir təzyiq olmadan komandir olmaq arzusu ilə yaşayır. Əlbəttə, Muradı dəstəklədiyim kimi, övladımı da dəstəkləyirəm”.

Milli Qəhrəmanın atası Telman Mirzəyev isə övladı Muradı itirsə də, azərbaycanlı olaraq bir muradının həyata keçməsini arzulayır. Çünki yalnız o gün oğlunun və minlərlə Azərbaycan şəhidinin ruhu şad olacaq, həm də tarixi torpaqlarımıza qovuşmuş olacağıq: “Bu gün millətdən də, dövlətdən də diqqət böyükdür. Ailəmiz adından bu diqqət üçün minnətdarıq. Mən inanıram ki, Murad kimi igid, mərd zabitlərimiz var. İnşallah, aprel ayının davam olaraq torpaqlarımız cənab Ali Baş Komandanın rəhbərliyi altında azad olunacaq. Həm şəhidlərin ruhu şad olacaq, həm də biz şəhid ailələri üçün təsəlli olacaq. Dövlətimiz, xalqımız muradına çatacaq”.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR