Sahil Qasımov: “Hər kəs siyasi mübarizəni sivil yollarla aparmalıdır”

Sahil Qasımov: “Hər kəs siyasi mübarizəni sivil yollarla aparmalıdır”
# 04 aprel 2018 09:08 (UTC +04:00)

”Azərbaycandan xaricə mühacirət etmiş bəzi soydaşlarımızın son zamanlar sosial şəbəkələrdə söyüş və təhqir üzərində qurulan siyasi mübarizə taktikası təkcə Azərbaycanda deyil, Avropada yaşayan soydaşlarımızın da ciddi etirazına səbəb olub”.

Bunu APA-ya Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov deyib. AAK rəhbəri bildirib ki, həmin mühacirlərin Azərbaycan iqtidarı, eləcə də müstəqil fikirli ictimai xadimləri barədə dilə gətirilməsi mümkünsüz olan təhqirləri, söyüşləri hamıda ikrah hissi doğurur: “Onların bu davranışları nəinki Azərbaycan ictimaiyyətində, Avropadakı soydaşlarımız, hətta müxalif düşüncəli həmyerlilərimizin də ciddi qınağına səbəb olub. Onlar fərqində deyil ki, Avropa belə davranışları birmənalı şəkildə qəbul etmir, hətta cinayət sayır”.

AAK prezidenti hesab edir ki, insanın şərəf və ləyaqətinə toxunmaq, xüsusilə ailə məsələlərini dilə gətirilmək heç bir halda düzgün deyil. Sahil Qasımovun fikrincə, hər kəs siyasi mübarizəsini sivil yollarla aparmalı, siyasi baxışını, dünyagörüşünü səviyyəli şəkildə ortaya qoymalıdır.


Diaspor rəhbəri Avropadakı bəzi soydaşlarımıza müraciət edərək, bu yoldan çəkinməyə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməməyə və bütün cəhdləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yaşadıqları ölkələrdə təbliğinə yönləndirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR