BP və tərəfdaşları arıçılığın inkişafına dəstək verəcək

BP və tərəfdaşları arıçılığın inkişafına dəstək verəcək
# 01 dekabr 2017 08:17 (UTC +04:00)

Bu gün BP şirkəti və onun "Azəri-Çıraq-Günəşli" (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Azərbaycanda kənd icmalarında arıçılığın, bu sahədə bacarıqların, tədqiqat və elmin inkişafına dəstək verən "Şirin Qızıl" layihəsini təqdim ediblər.

"APA-Economics" xəbər verir ki, 2020-ci ilin sonunadək iki fazada təxminən 3,3 mln. manat həcmində sərmayə yatırılması nəzərdə tutulur.

Layihənin dəyəri pilot faza üçün təxminən 400 min manat və ikinci faza üçün isə təxminən 2,9 mln. manat təşkil edir.


Təqdimatı bu ilin mart ayında 18 icmada başlanmış bir illik pilot fazanın uğurlu irəliləyişinə əsaslanır. Onun məqsədi rəqabət qabiliyyətli balçılıq təsərrüfatları yaratmaq üçün seçilmiş icma üzvlərini lazımi resurslar və bacarıqlarla təmin etməkdir.

Tədbirdə çıxış edən BP-in Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, bu layihə BP və tərəfdaşlarının icmalarda gəlir imkanlarının artırılmasına yardım etmək səylərinin bir hissəsidir. "Düzgün resurslar və iş bilgisi olarsa, arıçılıq əhəmiyyətli gəlir gətirən bir sahədir. Biz burada hər iki aspekti, yəni həm ən zəruri avadanlıq və alətlərin təmin olunmasını, həm də arıçılıq fəaliyyətinin idarə edilməsi üçün potensialın yaradılmasını diqqətə almışıq. Daha geniş kontekstdə isə bu layihə hökumətin digər qeyri-neft sektorları ilə yanaşı kənd təsərrüfatı sahəsini inkişaf etdirmək səylərinə dəstəkdir. Ümid edirik ki, layihə kənd icmalarında gəlir gətirməklə və yeni bacarıqlar yaratmaqla öz məqsədinə nail olacaq", - deyə o əlavə edib.

Bu vaxtadək pilot faza çərçivəsində Yevlax, Samux və Şəmkir rayonlarındakı kəndlərdə 100 arıçılıq təsərrüfatı fəaliyyətə başlayıb. Layihənin bir hissəsi olaraq hər kənd təsərrüfatı 15 arı pətəyi, 10 atı ailəsi, digər tələb olunan avadanlıqlar və alətlərlə təmin edilib. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən ixtisaslaşmış təlimlər keçirilib. Bu layihə çərçivəsində həmçinin Dianna Sammataronun "Arıçılıq kitabı" arıçılar üçün dünyada məşhur bələdçi kitab Azərbaycan dilinə tərcümə və nəşr edilib.

II fazada layihənin genişləndirilməsi və sosial investisiyanın artırılması nəzərdə tutulur. Bu faza 2020-ci ilədək davam edəcək. Bu fazada BTC və CQBK boru kəmərləri boyunca yerləşən altı rayonda - Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında əlavə 600 arıçının yetişdiriləcəyi gözlənilir. Layihə nəticəsində bal arısı xəstəliklərinin idarə olunmasını və balın keyfiyyətini yaxşılaşdırmaq üçün Dövlət Aqrar Universitetində ixtisaslaşmış laboratoriyanın yaradılması, bal arıları üçün nektar mənbəyi olacaq 60 min ağacın əkilməsi, arıçılıq sahəsində əlavə üç kitabın tərcümə olunması və çap edilməsi, Gəncə-Qazax iqtisadi rayonunun nektar xəritəsinin hazırlanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR