Azərbaycan "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində iştirak edir

Azərbaycan "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində iştirak edir
# 11 sentyabr 2017 10:01 (UTC +04:00)

Bu gün Azərbaycanın eksklüziv partnyor olduğu 26-cı "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 14-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 1500-dən çox şirkətin məhsulları nümayiş olunacaq.

Azərbaycan ilk dəfə olaraq "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin yeganə eksklüziv tərəfdaşıdır. Sərgidə 30-dan çox ixracatçı Azərbaycan şirkətinin məhsulları növbəti dəfə vahid ölkə stendi ilə nümayiş olunacaq. Vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə yerli şirkətlərimizin istehsal etdiyi meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsulları təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycanın "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin yeganə eksklüziv partnyoru olması sərginin açılış mərasimindəki banerlerdə, sərginin internet səhifəsində və sərgi bələdçisində, ziyarətçilərə paylanan promo məhsullarda və bədclərdə qeyd olunub. Sərgi zamanı ziyarətçilərin qeydiyyat zonasında sərginin partnyor ölkəsi - Azərbaycan haqqında məlumat veriləcək, sərgiyə dair bütün xəbərlərdə ölkəmizin sərginin eksklüziv partnyor ölkəsi olması diqqətə çatdırılacaq.

Sərginin ilk günü - sentyabrın 11-də Azərbaycan stendinin tədbirdə iştirak edən müxtəlif ölkələrin nümayəndə heyəti rəhbərləri tərəfindən ziyarət olunması, ölkəmizin biznes və investisiya mühitinin, Azərbaycan mətbəxinin, milli musiqimizin və rəqslərimizin təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair fərmanına uyğun olaraq, "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR