“Hazırda Təhsil İnstitutunun işlərindən biri təhsil proqramlarının, təhsil kurrikulumlarının təkmilləşdirilməsidir. Bununla bağlı geniş işlər aparılır”.
Bunu APA-ya açıqlamasında Təhsil İnsitutunun direktoru Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, təbiət elmləri – kimya, fizika, biologiya fənlərinin kurrikulumları yenidən işlənilməkdədir: “Bu istiqamətdə biz Sinqapurla əməkdaşlıq edirik. Onlar bizim gənc müəlliflərə, gənc kadrlara təlimlər keçirlər. Gənc mütəxəssislərimiz tərəfindən bacarıqlara əsaslanan kurrikulumlar yenidən işlənməkdədir. Riyaziyyat kurrikulumları I sinifdən XI sinfə qədər Sinqapurdakı İnstututun birgə tədqiqatları əsasında hazırda təkmilləşdirilməkdədir. Bu istiqamətdə də işlərə başlanılıb. Növbəti illərdə İnformasiya Texnologiyaları kurrikulumunu, tədris materiallarını təkmilləşdirməyi planlaşdırırıq. Eləcə də planlarımızdan biri də digər fənləri də bir neçə ildə təkmilləşdirməkdir. Bütün bunlar kurrikulumun sadələşdirilməsi, yəni bilgi əsaslı tədrisdən bacarıq əsaslı tədrisə keçməkdir. Kurrikulumlar ilk növbədə minimal əhəmiyyətli olan məsələləri tədris etmək, insanlara həyatda daha çox vacib olan bacarıqları tədris etmək baxımından təkmilləşəcək”.