Sağlamlıq imkanları məhdud 4 gənc peşə reabilitasiyası üçün Türkiyəyə göndərilib

Sağlamlıq imkanları məhdud 4 gənc peşə reabilitasiyası üçün Türkiyəyə göndərilib
# 16 oktyabr 2017 10:40 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən 4 nəfər (Mərkəzin təlimçilərindən ibarət 4 nəfər müşahidəçi ilə birgə) Türkiyədə təşkil olunan peşə reabilitasiyası tədbirlərində iştirak etmək üçün qardaş ölkəyə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, proqram çərçivəsində cari ilin may-sentyabr aylarında Türkiyədən ayrı-ayrı qruplar şəklində ümumilikdə 15 nəfər sağlamlıq imkanları məhdud gənc (15 nəfər müşahidəçi ilə birgə) 15 gün müddətində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşə hazırlığı kurslarında iştirak ediblər. Bu istiqamətdə işlərin davamı olaraq, həmin mərkəzdən olan 20 nəfər gəncin (20 nəfər müşahidəçi ilə birgə) də ayrı-ayrı qruplar formasında Türkiyəyə təlim səfərinə göndərilməsi nəzərdə tutulub ki, artıq onlardan bir qismi yola salınıb. Gənclər 15 gün müddətində Ankarada sağlamlıq imkanları məhdud gənclərin reabilitasiyası ilə məşğul olan mərkəzlərin təcrübəsi ilə tanış olacaq, müxtəlif peşə hazırlığı kurslarında iştirak edəcəklər. Kursları bitirdikdən sonra isə onlara peşə sertifikatlarının təqdim olunması nəzərdə tutulur.

Gənclərin yola salınması zamanı bildirilib ki, əlilliyi olan insanların əmək bazarına çıxış və reabilitasiya imkanlarının genişləndirilməsi də diqqətdə saxlanılır. 2013-cü ilin dekabr ayında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu sahədə xüsusi önəm kəsb edir və cari ilin 1 oktyabr tarixinədək həmin mərkəzdə 1 215 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul olunub. Mərkəzdən gənclərin Türkiyəyə təlim səfərinə göndərilməsi də onların peşə reabilitasiyasına, ümumən sosial inteqrasiyasına xidmət edən tədbirlərdən biridir.

Qeyd olunan işlər Dövlət Sosial Müdafiə Fondu və “Sağlam Düşüncə” Gənclər Təşkilatı İB-nin “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”nın birgə icrasına dair cari ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir. Proqramın məqsədi Azərbaycandan olan sağlamlıq imkanları məhdud gənclərin Türkiyədə və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin Azərbaycanda müvafiq mərkəzlərin işi ilə əyani tanışlığına, təşkil edilən peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakına şərait yaratmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR