Bakıda ana və uşaq ölümləri mövzusunda tədbir keçirilib

Bakıda ana və uşaq ölümləri mövzusunda tədbir keçirilib
# 24 oktyabr 2016 14:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov -APA. Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsi Avropa Parlament Forumu ilə birgə ana və uşaq ölümləri mövzusunda tədbir keçirib.

APA-nın məlumatına görə, Komitə sədri Əhliman Əmiraslanov deyib ki, Azərbaycanda istər ana, istərsə də uşaq ölümü göstəriciləri xeyli azalıb. Amma Azərbaycanda bu sahədə problemlər qalmaqdadır: “Bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətini həkimlərin üzərlərinə qoyurlar. Bu, düzgün deyil”.

Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təmnatı sahəsində ciddi tədbirlər görülüb.

Komitə sədri bildirib ki, dünyadakı bütün ana ölümlərinin 50 faizi Afrika qitəsində yaşanların payına düşür. İnkişaf etmiş ölkələrdə bu göstərici cəmi 1 faizdir: “Hər bir ana və uşaq ölümü böyük faciədir. 1990-cı ilin məlumatına görə, bir gündə dünyada 5 yaşına çatmamış 18 min uşaq ölürdü. Əslində, ölümlərə təsir edən tibbi faktorlar var. Bu gün də uşaq ölümlərinin əsas səbəbləri pnevmoniya, malyariya və. s-dir. Uşaq ölümlərinin 55 faizi səhiyyə xidmətləri ilə bağlıdırsa, 45 faizi qida çatışmazlığı ilə bağlıdır”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, sağlamlıq və təhsil olmayan yerdə inkişafdan söhbət gedə bilməz.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, komitə Ailə Strategiyası hazırlayıb. O bildirib ki, strategiyada ailənin, qadınların sağlamlığı kimi məsələlər əhatə olunub.

Tədbir digər çıxışlarla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR