UNİCEF: Azərbaycanda ödənişli analıq məzuniyyətinin 4 ay müddətinə verilməsi yetərli deyil

UNİCEF: Azərbaycanda ödənişli analıq məzuniyyətinin 4 ay müddətinə verilməsi yetərli deyil
# 02 oktyabr 2017 09:42 (UTC +04:00)

"Körpənin ilk 6 ay ərzində ana südü ilə qidalandığını nəzərə alsaq, Azərbaycanda analara 4 ay müddətinə ödənişli analıq məzuniyyət verilməsi yetərli deyil. Uşaqların ana südü ilə qidalandırılması asan proses deyil. Analar qidalanmadan əlavə iş, təhsil, ailəyə diqqət kimi önəmli məsələlərlə məşğuldur. Bunu nəzərə alaraq körpənin ana südü ilə qidalanması üçün cəmiyyətin bütün üzvləri anaya dəstək verilməlidir".

APA-nın xəbərinə görə, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib.

Onun sözlərinə görə, təşkilat Azərbaycanda ana südünün tətbiqi ilə bağlı mütəmadi işlər görür. M.Yuan qeyd edib ki, hazırda Azərbaycanda anaya doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir: “Bu isə uşağın ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli deyil. Bundan əlavə, bir çox süni uşaq qidası satan şirkətlər onun təbliğatını güclü aparırlar. Bu isə ana südü ilə qidalanma göstəricisinə mənfi təsir edir. Digər tərəfdən, özəl şirkətlər də qanunvericiliyin tələblərinə riayət etmirlər".

UNİCEF rəsmisi qeyd edib ki, bu il təşkilat və Səhiyyə Nazirliyi ana südü ilə qidalanmanın göstəricilərinin aşağı olma səbəbləri ilə bağlı çevik qiymətləndirmə aparıb. Onun sözlərinə görə, qiymətləndirmə nəticəsində məlum olub ki, bəzi insanlar ana südünün ana-körpə üçün faydasının nədən ibarət olduğunu bilmir: "Bundan əlavə analara səhiyyə müəssisələrində, həkimlər tərəfindən verilən məlumatlarla süni qidaların reklamlarındakı məlumatlar arasında ziddiyyət yaranır və bu da analarda çaşqınlıq yaradır. Ana südü ilə qidalanma uşağın ilk peyvəndi hesab olunur və onu bir sıra ciddi xəstəliklərdən qoruyur. Bundan başqa, ana südü anaların ölümünə səbəb olan döş və yumurtalıq xərçəngindən qoruyur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR