Avropa Azərbaycan Məktəbi uşaqlar üçün maarifləndirici tədbir keçirib

Avropa Azərbaycan Məktəbi uşaqlar üçün maarifləndirici tədbir keçirib
# 16 yanvar 2018 09:09 (UTC +04:00)

“Libraff” kitab mağazaları şəbəkəsi və Avropa Azərbaycan Məktəbinin (EAS) birgə əməkdaşlığı şəraitində uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib.

Avropa Azərbaycan Məktəbindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd tədris prosesində əla nəticələr əldə etmiş şagirdləri oxumağa, xüsusilə də ana dilimizdə mütaliəyə təşviq etmək üçün mükafatlandırmaq olub.

Həmçinin, tanınmış uşaq yazarı Reyhan Yusifqızının imza günü tədbiri təşkil olunub.

Avropa Azərbaycan Məktəbinin direktoru Qarri Qrippin məktəbin şagird və valideynlərini salamlayaraq, uşaqların doğma ana dilini mükəmməl bilməsinin əhəmiyyətindən danışıb. Sonra şagirdlərə TEAS Press Nəşriyyat Evinə məxsus əmtəə nişanı olan “3 alma” nəşriyyatı adından “Mimi”, “Köhlən at” və “Qrin Qeyblz malikanəsinin qızı Anni” kitabları hədiyyə olunub.

R. Yusifqızı uşaqlara müəllifi olduğu kitabın qəhrəmanı “Mimi”nin timsalında yüksək texnologiyaların əhəmiyyətindən və onların müasir cəmiyyətin inkişafına göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Yazıçı hədiyyə olunan kitabları imzalayıb. Sonra kitabın illüstratoru rəssam Səbinə Vəzirova balaca qonaqlara “Mimi” qəhrəmanının necə yaratdığını məktəblilərə izah edib.

R. Yusifqızının sözügedən kitabında ikinci sinif şagirdi Aylinin yaşlı professorun evində yaşayan “Mimi” adlı qeyri-adi siçanla dostluğundan bəhs edilir. Tanınmış alim Lutfi Zadənin prototipi kimi qələmə alınmış professor oyuncaq siçanını əməliyyat edərək ona süni beyin yerləşdirir. “Mimi” insan kimi danışır, hərəkət edir, riyaziyyatı bilir. Aylinə riyaziyyat tapşırıqlarında kömək edir, onunla birlikdə musiqiyə qulaq asıb, rəqs edirlər.

Qeyd edək ki, R. Yusifqızı (Şıxlinskaya) Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlərin müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dossentdir. Vaxtaşırı məktəblərdə və kitab evlərində oxucularla görüşlər keçirir, məktəb tamaşalarına ssenarilər yazır. Rəqəmləri və riyazi məsələləri çox sevir. Yazıçının dediyinə görə, uşaqlıqda onun “Mimi” adlı oyuncaq siçanı var imiş. Yazıçı inanır ki, yüksək texnologiyaların inkişafı erasında oyuncaqlar artıq uşaqlarla danışacaqlar. O, “Mimi”ni bütün uşaqlara sevdirmək istəyir. Ən böyük arzusu isə onun haqqında cizgi filminin çəkilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR