Tiflisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən fotosərgi açılıb

Tiflisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən fotosərgi açılıb
# 25 fevral 2017 21:10 (UTC +04:00)

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan fotosərgi açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində gürcü və azərbaycanlılar, Tiflisdə orta məktəbdə təhsil alan azərbaycanlı şagirdlər və jurnalistlər sərgiyə baxış keçiriblər. Sonra Xocalı soyqırımından bəhs edən tədbir başlayıb. Tədbiri açan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva Xocalı soyqırımının tarixi haqqında gürcü ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verib. Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Samirə Ağayeva çıxış edərək Azərbaycanın Xocalı dərdi kimi Gürcüstanın da 9 Aprel dərdi olduğunu bildirib: “Bu dərdlər hər iki ölkənin tarixinə amansızcasına yazılan səhifələrdir. Tarixin səhifəsinə qanla yazılan bu faciələr hər iki xalqın yaddaşından heç vaxt silinməyəcək. Amma hər gecənin bir gündüzü olduğu kimi bir vaxt olacaq Cənubi Qafqazda da sülh olacaq”, - deyə S. Ağayeva qeyd edib.

Tədbirdə gürcü politoloq, tarixçi alim Vaja Şubitidzenin təklifi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən V. Şubitidze ermənilərin həm Gürcüstanın Abxaziya bölgəsində, həm də Azərbaycanın Xocalı şəhərində soyqırımı və vəhşiliklər törətdiklərini qeyd edib: “Xocalı soyqırımı baş verəndə Sovet İttifaqı yox idi. Bu soyqırımı ruslarla birlikdə ermənilər törədib. Bu soyqırım həm gürcülərin, həm də azərbaycanlılarındır. Mən azərbaycanlılarla həmrəy olduğumu bildirirəm”, - deyə gürcü tarixçi bildirib.

Tədbirdə Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Simon Kopadze Ermənistana qarşı Haaqa məhkəməsində iş qaldırmaq və Xocalı soyqırımını törədən cinayətkarları cəzalandırmağın vaxtı çatdığını bildirib. Tədbirdə çıxış edən Qafqaz Strateji Araşdırmalar İnstitutunun rektoru Teymuraz Simonişvili, kinorejissor Tenqiz Txilava, Gürcüstan Rəssamlar Birliyinin sədri Quram Tsertsvadze, Qafqaz Strateji Araşdırmalar İnstitutunun Unsan Hüquqları məsələləri üzrə şöbə müdiri Levan Çxeidze və başqaları çıxış edərək ermənilərin Abxaziyada törətdikləri vəhşiliklərdən, Xocalı soyqırımının yalnız Azərbaycanın deyil, bütün Qafqazın soyqırımı olduğunu bildiriblər. Çıxışçılar bildiriblər ki, bu soyqırımına biganə qalmaq olmaz və əgər biganəlik olarsa, ermənilər yenidən ağlasığmaz vəhşiliklər törədə bilərlər.

Tədbirin sonunda yerli azərbaycanlı kino rejissor Vüqar Əliyevin çəkdiyi azərbaycanlıların Xocalı soyqırımı haqqında fikirlərindən ibarət videoçarx nümayiş etdirilib və Xocalıdan bəhs edən film göstərilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR