Zığın girişində yeni dairə inşa olunur

Zığın girişində yeni dairə inşa olunur
# 31 oktyabr 2016 14:53 (UTC +04:00)

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunur. Yeni dairənin inşası həmin ərazidə nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin etmiş olacaq, dairə Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirəcək.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bunun üçün mövcud yolun bir hissəsinin də yenidən qurulması işləri görülür. Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, mövcud kommunikasiya xətləri yoldan kənarlaşdırılır. Daha sonra yeni yol yatağının və yol əsasının inşası işləri aparılacaq. Sözügedən dairənin olacağı ərazidə də hazırda torpaq işləri həyata keçirilir, yol yatağının inşası aparılır.

Zığ-Aeroport yolundan Zığ-Hövsan və Zığ-Suraxanı yollarına nəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə də dairəyə doğru yeni yol hissəsi salınır. Bununla da hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və oradan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, yeni dairənin və mövcud yolun bir hissəsinin yenidən qurulması işləri ilə əlaqədar olaraq Zığ qəsəbəsinə giriş hissə qısa müddətlik bağlanıb. Nəqliyyat vasitələri alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edərək qəsəbəyə daxil ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR