“Tripoid Advisors” media şirkətinin rəhbəri: “BMT-nin jurnalistlərlə bağlı 22 saylı qətnaməsinin icrasına çalışmalıyıq”

“Tripoid Advisors” media şirkətinin rəhbəri: “BMT-nin jurnalistlərlə bağlı 22 saylı qətnaməsinin icrasına çalışmalıyıq”
# 17 noyabr 2016 10:25 (UTC +04:00)

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” mövzusunda sessiya keçirilib.

APA-nın məlumatına görə, sessiyaya ABŞ-ın “Associated Press” (AP) agentliyinin beynəlxalq xəbərlər üzrə vitse-prezidenti Con Danişevski moderatorluq edib.

“Tripoid Advisors” media şirkətinin təsisçisi və icraçı direktoru David Şlesinger deyib ki, jurnalist əsgər, qələm hədə, kamera isə silah deyil: “Bəziləri jurnalistlərin həqiqəti əks etdirməsindən qorxur. Jurnalistlər oğurlanır, girov götürülür, informasiyaya çıxışları bağlanır, şəffaflıq itir. Uduzan isə cəmiyyət olur. Hər bir cəmiyyət rifah içərisində yaşamaq istəyirsə, məlumatlı olmalıdır. Cəmiyyət məlumatlı olmasa, şəffaflıq olmayacaq, korrupsiya olacaq. Bəzi liderlər mətbuat konfranslarından yayınır. Bəzi hökumətlər jurnalistlərə müdaxilə edir. Bəzi jurnalistlər korrupsiyanı açdığına, müharibədən, idmandan yazdığına görə öldürülür. Bu qətllərin əksəriyyəti lazımınca araşdırılmır. Biz bu Konqresdə üzərimizə öhdəlik götürməliyik ki, belə hallara qarşı həssas olacağıq. Bloqgerləri müstəqil reportyorlar kimi qəbul etməliyik. Müstəqil jurnalist mətbuat konfransına buraxılmırsa, bu, bizə qarşı addımdır. BMT-nin jurnalistlərlə bağlı 22 saylı qətnaməsinin icrasına çalışmalıyıq və bu sahədə siyasətçilərə fikirlərimizi çatdırmalıyıq. Tərəqqi üçün şəffaflıq vacibdir. Media həqiqəti, şəffaflığı təmin etməlidir”.

Macarıstandakı Mərkəzi Avropa Universitetinin Avropa Qonşuluq Araşdırmaları Mərkəzinin insan hüquqları departamentinin rəhbəri Mikloş Haraşti bildirib ki, 1980-ci illərdə dövlətlər bəzi məlumatları dövlət sirri kimi təqdim edib, açıqlamayıb: “Sonra demokratik dövlətlər bu informasiyaları açıqladılar, şəffaf cəmiyyət qurmağa başladılar. Bəzi dövlətlərdə isə əks proses getdi. Ancaq internetin inkişafı bu sahədə sərhədləri aradan qaldırdı. Biz tərəddüd etmədən senzuraya qarşı mübarizə aparmalıyıq. Senzura həm də bəzi informasiyaların məxfilik donu geyindirilərək gizlədilməsidir. Məxfi məlumatların yayılması ilə bağlı cinayət məcəllələrində maddələr yer alır. Ancaq "Wikileaks" saytı məxfi sayılan məlumatları yaydı. Məxfi məlumatlar xəbərlərin hazırlanmasında çox vacibdir. Bəzi ölkələrdə xəbər agentliklərinə münasibətdə akkreditasiya və digər məsələlərdə ayrı-seçkilik də müşahidə olunur. Agentliklər, jurnalistlər insan haqları sahəsində araşdırma aparırlar. Həmin jurnalistlər müxtəlif bəhanələrlə həbs edilməməlidir”.

Bolqarıstan BTA agentliyinin baş direktoru Maksim Minçev informasiya agentliklərinin yeni çağırışla üzləşdiklərini vurğulayıb: "Münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi sualına birmənalı cavab vermək çətindir. Jurnalistlərin münaqişə zonasında fəaliyyəti şəxsi azadlığını çərçivəyə salır, həyatına təhlükə yaradır. Həmrəylik bizim ən güclü silahımızdır".

“AzərTAC”ın Almaniya üzrə xüsusi nümayəndəsi Vüqar Seyidov münaqişə zonalarında çalışan jurnalistlərin işinin daha ağır olduğunu söyləyib: "Münaqişə zonasına gedən jurnalistlərə təlim keçilməlidir. Tam olmasa da, bu, münaqişə zonalarında jurnalistlərin nisbətən təhlükəsiz fəaliyyətinə zəmin yaradar".

Bununla da tədbir çərçivəsində sessiyalar başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR