Mayın 5-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə respublika fənn olimpiadalarının final turu keçiriləcək.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, bu mərhələdə 780 şagird iştirak etmək hüququ qazanıb.
Şagirdlər fənlərdən asılı olaraq 2-4 saat ərzində sualları cavablandıracaqlar. Final mərhələdə şagirdlərə fənlərdən asılı olaraq 5-12 sayda açıq tipli sual təqdim ediləcək. Sonda hər fəndən təxminən 30 şagird olmaqla ümumilikdə 240-250 şagird qalib olacaq. İnformatika fənni üzrə olimpiadanın final turu mayın 6-da Bakı Mühəndislik Universitetində keçiriləcək.
Qeyd edək ki, fevralın 4-də bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib.