Şöbə müdiri: "Palçıq vulkanlarının krater sahəsinin yaxınlığında yaşayış massivləri salınır"

Şöbə müdiri: "Palçıq vulkanlarının krater sahəsinin yaxınlığında yaşayış massivləri salınır"
# 07 sentyabr 2017 10:11 (UTC +04:00)

“Son illərdə palçıq vulkanları və onların yerləşdiyi ərazilərlə bağlı neqativ hallarla üzləşirik. 2001-ci ilin iyun ayında Keyrəki vulkanı püskürəndə o vaxt onun yaxınlığında 2-3 fərdi yaşayış binası var idi. Hazırda həmin sahədə böyük bir yaşayış massivi mövcuddur”.

Bunu APA-ya açıqlamasında AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.

O bildirib ki, 2002-ci ildə palçıq vulkanları “Xüsusi mühafizə olunan obyektlər və ərazilər” kimi Dövlət Qanununa salınıb: “Bununla palçıq vulkanları təbii abidə statusu aldı. 2015-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbii Qoruğu”nun yaradılması haqqında sərəncam imzalanıb. Beləliklə, vulkanların dağıdılmasının, zibillənməsinin və onların yanında yaşayış binalarının tikilməsinin qarşısı alınıb. Təəssüf ki, son vaxtlar yenə neqativ hallar qeyd alınır. 10-12 il əvvəl Bozdağ-Qobu palçıq vulkanının krater sahəsinə yaxın 3-4 fərdi yaşayış binası tikilmişdi. Hazırda bu ərazidə çoxsaylı bina tikilir, eyni zamanda, məişət tullantıları vulkan sahəsinə boşaldılır”.

A. Əliyev qeyd edib ki, palçıq vulkanlarının və ətraf sahələrin zibillənməsi təkcə natəmizlik deyil, bu, həm də ekoloji baxımdan təhlükəli haldır: “Vulkan püskürəndə, onun məhsulları ilə yanaşı, çirkləndirici maddələr də ətrafa yayılır. Nəticədə hava və torpaq zəhərlənir. Ələt qəsəbəsində, Xəzərin sahilində yerləşən Bahar vulkanının cənub yamacının bir hissəsi dağıdılıb. Vulkanın sonuncu püskürməsi 1992-ci ildə baş verib. Son illər fəaliyyəti xeyli zəifləyib və yaxın zamanda vulkanın növbəti püskürməsi gözlənə bilər. 1993-cü ildən bağladığımız təbliğat işləri nəticəsində Azərbaycan palçıq vulkanlarının qorunması məsələsi dövlətin dəstəyi ilə müəyyən dərəcədə öz həllini tapdı. 40-dan çox palçıq vulkanının ərazisində mühafizə işləri təşkil olundu. Lakin son illər digər palçıq vulkanlarına qarşı törədilən antriopogen və texnogen təsirlər artmaqdadır. Bu vulkanların yerli əhali tərəfindən zibillənməsinin qarşısı birmənalı şəkildə alınmalıdır. Müvafiq təşkilatlar bu məsələlərlə məşğul olmalı və lazımı tədbirlər görməlidir”.

A. Əliyev əlavə edib ki, Azərbaycanın aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm üçün gözəl obyektdir: “Mühafizə edilən elə vulkanlar var ki, qoruğun hazırkı statusu ora turistlərin girişini qadağan edir. Düşünürəm ki, qoruğun hüquqi statusunun “Milli parkla” əvəzlənməsi, dünyada analoqu olmayan çoxçeşidli vulkanlarımızın beynəlxalq turizm obyektlərinə cəlb olunması onların tərənnümü və iqtisadiyyatımızın inkişafına töhfə verməsi baxımından məqsədəuyğun olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR